fbpx
  • office@soyqirim.az
  • (023)335-37-07
Göyçay qəzası

1918-ci il iyun ayının 14-də Göyçay qəzası “bolşevik qoşunları” adı altında hərəkət edən erməni dəstələrinin güclü hücumuna məruz qalmışdır. Göyçay qəzasının Kürdəmir qəsəbə sakinlərinin müqavimətini qıran erməni dəstələri burada insanlığa sığmayan ağlagəlməz vəhşiliklər törətmişlər. Son nəticədə 56 ev və dükan, 127 mülk, 2 məscid binası tamamilə yandırılır, qalan bütün ev və mülklər dağıdılmış, talan və qarət edilmişdir. İstər Kürdəmir stansiyasının, istərsə də kəndinin bütünlüklə dağıdılmasının, qalan əhalinin məhv edilməsinin qarşısını isə Qırmızı ordu hissələri tərkibində olan ruslar və qismən bolşeviklərlə əməkdaşlıq edən iranlı (cənubi azərbaycanlı) fəhlələr almışdır. FTK-nın sənədlərində “rus və azərbaycanlı bolşeviklərlə ermənilər arasında” Kürdəmirdə milli qırğınlara son qoyulması zəminində baş verən münaqişələr, hətta bir neçə erməni əsgərinin güllələnməsinə dair şəhadətlər gətirilir.
Kürdəmirdən başqa Göyçay qəzasının Caylı, Qaravəlli, Qarabucaq, Mustafalı, Xəlil-Qasımbəy, Ərəb-Mehdibəyli, Dədəli və digər kəndləri də erməni hücumlarına məruz qalır və insan tələfatı ilə üzləşirlər. Məsələn, Ərəb-Mehdibəyli kəndində 84 ev dağıdılıb yandırılmış, kəndin 83 sakini, o cümlədən 78 kişi, 4 qadın və 1 oğlan uşağı qətlə yetirilmişdir.

1918-ci ilin yayında Bakı Soveti Ordusu ilə Qafqaz İslam qoşunları arasında gedən Göyçay qəzasının Qaraməryəm kəndi yaxınlığında gedən döyüşlər azərbaycanlıların xeyrinə dəyişərək həlledici əhəmiyyətə malik olmuş və Azərbaycan torpaqlarının düşməndən azad olunmasının əsasını qoymuşdur.

 

--->