• office@soyqirim.az
  • (023)335-37-07
Xocalı soyqırımı

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq, mühasirədəki Xocalı şəhərinin dinc əhalisinin üzərinə   ağır hərbi texnika yeridib, onlara misli görünməmiş qəddarlıqla divan tutub, şəhər barbarcasına yerlə-yeksan  edilib. Yalnız   Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət  əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Nəticədə 8 ailə  tamamilə  məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Bundan başqa, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər  girov  götürülüb.  Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi naməlumdur. Xocalı soyqırımı Ümummilli  lider Heydər Əliyev Xocalının o dövrdəki ölkə rəhbərliyi tərəfindən tamamilə müdafiəsiz buraxılmasına kəskin etiraz edərək deyib: “O zamankı iqtidarın Azərbaycanın milli müstəqilliyinə və xalqımıza qarşı xəyanətkar mövqeyi, öz konstitusion vəzifə borcuna cinayətkar laqeydliyi, ardı-arası kəsilməyən siyasi hakimiyyət oyunları, respublikada baş alıb gedən anarxiya və başıpozuqluq, ayrı-ayrı siyasətbazların məkrli şəxsi ambisiyaları bu tarixi faciənin törədilməsinə birbaşa şərait yaratmışdır. Uzun  müddət  dörd tərəfdən düşmən əhatəsində taleyin ümidinə buraxılmış vətəndaşlarımızın imdad dolu harayı qulaqardına vurulmuş, Xocalının xilas olunması üçün real imkanların mövcudluğuna baxmayaraq, günahsız əhali məqsədyönlü şəkildə bu milli qırğına sürüklənmişdir. Milli  Məclisin  1994-cü il 24 fevral tarixli qərarına əsasən 26 fevral Xocalı Soyqırımı Günü elan edilib.