fbpx
  • office@soyqirim.az
  • (023)335-37-07
Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” və Belarusiyanın “Xatın Memorial Kompleksi” arasında əməkdaşlıq

2019-cu ilin sonundan etibarən Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” və “Xatın” Memorial Kompleksinin rəhbərliyi  arasında ilkin danışıqlar aparılmış və 2020-ci ildən etibarən müəssisələr arasında əməkdaşlıq edilməsi qərara alınmışdır.

22 mart tarixi hər il Belarusiya xalqı tərəfindən “Xatın” soyqırımının anım günü kimi qeyd olunur. Hər xalqın öz tarixi keçmişi var. Böyük Vətən müharibəsi Sovetlər İttifaqında yaşayan xalqlar üçün işğalçı faşist Almaniyasına  qarşı ümumi müharibə olmuşdur.

Həm ön həm də arxa cəbhədə  partizan dəstələrinin şiddətli müqavimətinin öhdəsindən gələ bilməyən faşistlər qəzəblərini dinc əhaliyə qarşı yönəltmiş və Xatın kəndi də istisna olmamışdır. Hazırda coğrafi xəritələrdə Belarusiyanın bu kəndini tapa bilmərik, çünki o, 1943-cü ilin 22 mart tarixində faşistlər tərəfindən yer üzündən silinmişdir.

Xatın kəndinin 149 sakini partizanlara yardım göstərməsi ehtimal edildiyinə görə işğalçılar tərəfindən diri-diri yandırılmış və güllələnmişdir. Xatında dinc əhalinin, o cümlədən 75 uşağın kütləvi şəkildə məhv edilməsi, Belarus xalqının faciəsinin rəmzinə, Böyük Vətən müharibəsi tarixinin ən kədərli səhifələrindən birinə çevrilmişdir. Xatın faciəsi nasistlərin Belarus əhalisinə qarşı məqsədyönlü soyqırımı siyasətini təsdiq edən faktlardan biridir. Belarus torpağında işğalın davam etdiyi üç il ərzində (1941-1944-cü illər) yuzlərlə belarus kəndi alman nasistləri tərəfindən yandırılmışdir. Həmin kəndlərdən 135-ni bir daha bərpa etmək mümkün olmamışdır.

30 iyul 1969-cu ildə Хatın kəndinin yerində Belarusiya xalqının igidliyi və əyilməzliyi ideyasını təcəssüm etdirən Memorial Kompleks  açılmışdır. Kompleksin yaradılmasında məqsəd müharibənin törətdiyi fəsadları nümayiş etdirməklə yanaşı, bir daha belə faciələrə yol verməmək idi. Bu baxımdan Azərbaycan xalqınına qarşı  erməni vandalizmini özündə əks etdirən yeganə ideoloji mərkəz kimi fəaliyyət göstərən Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” də eyni missiyanı öz üzərinə götürmüşdür.

Belarus xalqının faciəsi Azərbaycan xalqının faciəsinə çox bənzəyir. Birinci dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən erməni millətçiləri bolşevik bayrağı altında 1918-ci ilin mart ayından etibarən Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasətini həyata keçirməyə çalışmış və kütləvi soyqırımlar törətmişlər. Erməni vandalları  təkcə 1918-ci il soyqırımları zamanı 50 mindən çox azərbaycanlı əhalini yalnız milli mənsubiyyətinə görə xüsusi qəddarlıqla qətlə yetirmiş, evlərə od vurmuş, kəndləri yandırmış, milli mədəniyyət abidələrini dağıdıb məhv etmişlər.

Soyqırımı hadisələri tək bir millətə qarşı deyil, bütün bəşəriyyətə yönəlmiş cinayətdir. Alman faşistləri tərəfindən amansızlıqla qətlə yetirilmiş dinc əhalinin xatirəsini anaraq, bizlər Belarus xalqına dərin ehtiramımızı bildirir və soyqırımı qurbanlarına Allahdan rəhmət diləyirik.