• office@soyqirim.az
  • (023)335-37-07
#evdəqal #elmsizqalma Azərbaycanın multikultural mühiti-XINALIQLILAR

Dünyanın etnik xəritəsində yalnız bir Xınalıq kəndi və yeganə Xınalıq dili mövcuddur ki, bu da Azərbaycanın Avropa hissəsinə aid Quba rayonuna məxsusdur. Xınalıqlılar Azərbaycanın ən qədim sakinləri, Xinalıq kəndi isə dünyanın ən yüksək dağlıq yaşayış yerlərindən biridir. Yerli sakinlər Xınalıq kəndini onları bütün pisliklərdən, şər qüvvələrdən qoruyan müqəddəs bir məkan hesab edirlər. 400 evə və 3 min nəfərə yaxın sakini olan Xınalıq kəndi özunun qədim həyat tərzini, adət-ənənələrini qoruyaraq bu günümüzə kimi yaşadırlar.
Tarixi mənbələr bildirir ki, xınalıqlılar Qafqaz Albaniyasının qədim tayfalarından biri olmuşlar. Bu etnik qrup Qafqaz dil ailəsinə daxil olub, Şahdağ ətrafında yerləşmələrinə görə tarixi-etnoqrafik ədəbiyyatda “Şahdağ xalqları” adlandırılır. Yerli sakinlər rəsmi Azərbaycan dili ilə yanaşi dünyada bənzəri olmayan və yalnız özlərinin danışıb, anladıqları Xınalıq dilində ünsiyyət qururlar. Xınalıq dili YUNESKO tərəfindən ciddi təhlükə altinda olan dillər siyahısına daxil edilmişdir.
Xınalıq kəndinin əhalisi əsasən heyvandarlıq, maldarlıq, qismən də iqlimə uyğun əkinçilik və tərəvəzçiliklə məşğuldurlar. Eyni zamanda yerli əhali toxuculuqla məşğul olur, ip əyirir, naxışlı paltarlar, şal, rəngli corablar, xalça, palaz toxuyurlar. Xınalıqda yun ipdən toxunmuş şal Quba qəzasında məşhur idi və onu ətraf kəndlərdə üst geyimlər tikmək üçün alırdılar. Yun şaldan tikilən çuxa vaxtilə kəndlərdəki varlı adamların milli geyim forması olmuşdur. Kənd əhalisinin digər məşğuliyyəti dərman bitkilərini, otlarını yığaraq qurudur və bu otlardan həm təbabətdə həm mətbəxdə geniş istifadə edilir.
Tarixçilərin ehtimalına görə, Xınalıq kəndi hələ bizim eramızdan əvvəl salınıb. Qədim yunan alimi Strabon özünün 17 cildlik “Coğrafiya” əsərində qeyd edir ki, Qafqaz Albaniyasında 26 alban tayfası yaşayır və həmin tayfaların hər biri öz dilində danışır. Ehtimal ki, xınalıqlılar həmin 26 tayfadan biridir. Başqa sözlə desək, xınalıqlılar Qafqazda minilliklərlə yaşayan aborigenlərdir.
Dəniz səviyyəsindən 2300 metr yüksəklikdə qərar tutmuş və 5000 min illik tarixə malik olan bu kəndi Azərbaycanın “Açıq səma altında muzey”ə bənzədirlər. “Dağlarda ada” adlanan bu kənd rayon mərkəzindən 57 km-lik məsafədədir. Bu qədim Azərbaycan kəndinə dünyanın çox yerlərindən turistləri görmək də mümkündür. Kəndin qədimliyi, tarixiliyi, memarlığı və coğrafi qurluşu xüsusilə xınalıqlıların özünəməxsus yaşam tərzi turistlərin diqqətini cəlb edir. Hazırda bu kənd “Xınalıq” Dövlət Tarix–Memarlıq və Etnoqrafiya qoruğunun tərkibinə daxildir, qorunur və bütün dünyada təbliğ olunur.

Paylaş

Spread the love