• office@soyqirim.az
  • (023)335-37-07
Soyqırımı Memorial Kompleksinin muzeyində Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında iştirakından bəhs edən bölmə / 8 Aprel, 2020

Əziz izləyicilərimiz! Muzeyin bölmələrindən birində yer alan Paris Sülh Konfransına göndərilmiş Azərbaycan nümayəndə heyətinin 1918-ci il soyqırımı hadisələrinin tanıdılması istiqamətində fəaliyyətlərindən bəhs edən bölmə barədə məlumatı sizlərə təqdim edirik.
1918-ci il dekabrın 28-də Azərbaycan parlamenti tərəfindən Paris sülh konfransına gedəcək nümayəndə heyəti seçilmiş və Əlimərdan bəy Topçubaşov nümayəndə heyətinin sədri təyin edilmişdir. Ekspozisiyada 1919-cu il Paris sülh konfransında iştirak edən nümayəndə heyətinin fotoşəkilləri (Ə.Topçubaşov-sədr, A.Atamalıbəyov, Y.Mehdiyev, C.Hacıbəyli, Ə.Şeyxülislamov, M.Məhərrəmov), eləcədə Azərbaycan Xalq Cümhuriyyətinin tarixi sərhədlərinin dəqiqliklə göstərildiyi Qafqazın tarixi xəritələri (fransız və osmanlı türkcəsində) nümayiş olunur. Heyətin əsas məqsədi Azərbaycanı müstəqil dövlət kimi tanıtmaqla yanaşı, Azərbaycan xalqına qarşı 1918-ci ildə erməni-daşnaklarının törətdikləri cinayətlərin dünya ictimayyətinə çatdırmaq idi. Bu məqsədlə Fövqəladə Təhqiqat Komissiyasının materiallarının bir hissəsi Azərbaycan Xarici İşlər Nazirliyinin xətti ilə Parisə nümayəndə heyətinə göndərilmişdir. Bu materiallar Bakı, Şamaxı, Quba, Göyçay, Cavad qəzalarında 1918- ci ildə baş verən soyqırımları əks etdirən 6 cild sənədlər toplusundan və 102 fotoşəkildən ibarət idi. Azərbaycan nümayəndə heyəti öz üzərinə qoyulan vəzifəni yerinə yetirmiş, sənədlərin surətləri böyük dövlətlərin başçılarına və müxtəlif beynəlxalq təşkilatlara təqdim edilmişdir.
1920-ci il yanvarın 15-də Fransa səfirliyinə dəvət olunan Topçubaşova Azərbaycanın müttəfiq dövlətlər tərəfindən de-fakto tanındığı barədə məlumat verilmiş və Paris sülh konfransının rəsmi sənədi təqdim olunmuşdur.
Həmin tarixi günləri yaşayan Azərbaycan xalqının və onun liderlərinin sevincini onların keçirilən mərasimlərdə söylədikləri nitqlərdə, Azərbaycan Xalq Cümhuriyyətinin sənədlərində, dövrün mətbuatında və fotoşəkillərdə öz əksini tapmışdır.
Bakıdan Parisə göndərilən bütün materiallar tarix elimləri doktoru, professor Solmaz Rüstəmova (Tohidi) tərəfindən 2011-ci ildə Fransada Topçubaşovun şəxsi arxivindən tapılmış və 94 ildən sonra vətənə qaytarılmışdır. Həmin sənəd və fotoşəkillərin əksəriyyətinin surətləri muzeyin ekspozisiyalarında nümayiş olunur.

Paylaş

Spread the love