fbpx
  • office@soyqirim.az
  • (023)335-37-07
Hatəm ağa Çağarvi

Hatəm ağa Çağarvi haqqında 1871-ci ilin avqustun 20-də general-mayor Komarovun tərtib etdiyi Küre və Samur dairələri siyahısında məlumat verilmişdir. Rusiyada hərbi təhsil almış və polkovnik rütbəsinə kimi yüksəlmiş Hatəm Sərkərov 1918-ci ildə Möhübəli Kuzunvi ilə birlikdə Azərbaycan Xalq Cümhuriyyəti ərazisinin bərpa edilməsi uğrunda qırmızı qvardiyaçılara qarşı döyüşmüşdü. Hatəm ağa həmçinin Möhübəli əfəndinin və Əli bəy Zizikskinin dəstələri ilə birlikdə dəfələrlə bolşevik adı ilə Bakı quberniyasının qəzalarında yerli əhaliyə müsibətlər yaşadan erməni daşnaklarına qarşı vuruşmuşdur. Onlar 1918-ci ilin may ayında Quba rayonunun Digah kəndindəki “Qanlı dərə”də Hamazaspın silahlı erməni qoşununu darmadağın etmişdi. Hatəm ağa Sovet hakimiyyəti qalib gəldikdən sonra da bolşeviklərə qarşı mübarizəni davam etmişdir. 1921-ci ilin sentyabrın 8-də Azərbaycan KP Quba qəzasında “əksinqilabi hərəkatı” ləğv etməklə bağlı xüsusi qərar qəbul etdi və Hatəm ağanı ələ keçirmək üçün Qusara iki polk göndərmişdir. Lakin qırmızılar Hatəm ağanın rəhbərlik etdiyi 300 döyüşçü ilə bacarmamışlar. Belə olduqda, Sovet hökuməti Hatəm ağanı Quba qəzasında milis idarəsinin rəisi təyin etmişdir. Amma yeni quruluşun haqsızlıqlarını görən Hatəm ağa 1922-ci ildə həmin vəzifədən imtina edərək, yenidən bolşeviklərə qarşı mübarizəyə qalxmışdır. O, 3 minlik sovet ordusuna qarşı 2 ay döyüşmüş və qəhrəmancasına həlak olmuşdur.