fbpx
  • office@soyqirim.az
  • (023)335-37-07
Rus-İran müharibəsi (1804-1813) Gülüstan müqaviləsinin acı nəticəsi
Nadir şahın ölümü (1747), imperiyanın dağılması, Azərbaycan ərazisində dağınıq halda xanlıqların yaranması, yenidən Rusiya imperiyasını Qafqaza cəlb etmişdir.
Rus imperatoru I Pavelin vəfatından sonra taxta çıxan oğlu I Aleksandr 1801-ci ildə çar Kartli-Kaxetiya çarlığının Rusiyaya birləşdirilməsi haqqında manifest imzaladı və Tiflis quberniyası yaradıldı. Bu quberniyanın tərkibinə Azərbaycan əraziləri olan Qazax, Borçalı və Şəmşəddil də daxil edildi. Bununla da Azərbaycan torpaqlarının Rusiya tərəfindən işğal olunmasının əsası qoyuldu. Azərbaycan xanlıqlarını özlərinə tabe etmək, Azərbaycanın cənub bölgələrinə yol açmaq, Gürcüstan sərhədlərinin təhlükəsizliyini təmin etmək, Xəzər sahillərinə çıxaraq Həştərxanla əlaqə yaratmaq niyyətinin gerçəkləşdirilməsi üçün rus qoşunları Azərbaycanın içərilərinə doğru irəliləyərək 1804-cü ildə Car-Balakən daha sonra isə Gəncə işğal etmiş və adı dəyişdirilərək Yelizavetpol qoyulmuşdur.
Azərbaycanın sərvətlərini mənimsəmək, Xəzəri Rusiyanın daxili dənizinə çevirmək, Cənubi Qafqazı tutaraq, Şimali Qafqazı cənubdan mühasirəyə almaq planı əsasında ruslar işğalçı siyasətini davam etdirirdilər.
Rusiya imperiyasının Qafqazda işğalçı fəaliyyəti Qacarları ciddi şəkildə narahat edirdi. Bunun qarşsıını almaq üçün Fətəli şahın vəliəhdi Abbas Mirzə Rusiyaya qarşı 1805-ci ilin yazında hərbi əməliyyatlara başladı. 1813-cü ilə qədər davam edən döyüşlər sonunda Qacarlar ağır formada məğlub edildilər. Artıq hərbi əməliyyatların Cənubi Azərbaycan ərazisinə keçmə təhlükəsi yaranmışdı. Bunun qarşısını almaq üçün Abbas Mirzə sülh danışıqlarına başlamağa icazə verdi.
1813-cü ilin 12 oktyabrında Qarabağın Gülüstan kəndində I Rusiya-İran müharibəsinin nəticəsi olaraq müqavilə imzalanır. Bu müqavilə tarixə imzalandığı yerin adı ilə Gülüstan müqaviləsi kimi daxil olur. Müqaviləni İran tərəfdən şahın vəkili Mirzə Əbdülhəsən xan, Rusiya tərəfdən isə Ratişev imzalayır.
Bu sülh müqavilənin şərtlərinə əsasən Azərbaycan torpaqlarının parçalanmasının əsası qoyulur. Belə ki, Şimali Azərbaycan xanlıqlarından İrəvan və Naxçıvanı çıxmaq şərtilə yerdə qalan bütün xanlıqlar (Lənkəran, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ, Şəki) Rusiyaya verilir. Sülh müqaviləsi ilə tarixi Azərbaycan torpaqları iki dövlət arasında bölüşdürüldü. Bu sülh müqaviləsi Azərbaycanın Rusiya-İran arasında olan bölüşdürülməsinin birinci mərhələsi idi.
Rusiya ilə İran arasında bağlanmış Gülüstan (12 oktyabr 1813-cü il) və Türkmənçay (10 fevral 1828-ci il) müqavilələri kimi sənədli mənbələr, habelə Qarabağ xanlığının Rusiyanın hakimiyyəti altına keçməsi haqqında Qarabağ xanı İbrahim xanla Rusiya imperiyasının 1805-ci il mayın 14-də imzaladıqları traktat əyani surətdə gostərir ki, imperiya sırf Azərbaycan torpaqlarını işğal etmişdir, ermənilər isə bura sonralar Türkiyə və İrandan köçürülüb gətirilmişlər. Bu sənədlərin heç birində Qarabağda erməni malikanələri və onların Rusiya tabeleyinə keçməsi haqqında işarə belə yoxdur.