fbpx
  • office@soyqirim.az
  • (023)335-37-07
Bakının azad olunmasından 102 il ötür..
1918-ci il sentyabrın 15-də Qafqaz Islam ordusunun zabit və əsgərləri Bakını bolşevik-daşnak işğalından azad edərək Azərbaycan dövlətinin tarixində şərəfli gün yazmışlar.
Bakının azad edilməsi XX əsr Azərbaycan tarixinin şərəfli səhifələrindən biridir. 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf qəzalarda erməni-bolşevik işğalı altında idi. Müstəqilliyə təzə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan, gənc Azərbayacan dövlətinin öz ərazi bütövlüyünü təmin etmək imkanları yetərincə deyildi. Belə bir şəraitdə Azərbaycan Xalq Cümhuriyyəti qurucuları bilirdilər ki, Bakı olmadan dövləti möhkəmləndirmək, müstəqil siyasət yürütmək və ölkənin bütövlüyünü təmin etmək mümkün deyildir.
Osmanlı dövlətinin özünün də ağır durumda olmasına baxmayaraq Azərbaycanla 1918-ci il iyun ayında imzaladığı «Dostluq və əməkdaşlıq» müqaviləsinə əsasən, Azərbaycan dövlətinin ərazi bütövlüyünü təmin etmək məqsədilə öz hərbi qüvvələrini Nuru Paşanın rəhbərliyi altında ölkəmizə göndərmişdir.
Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq, yerli hərbi qüvvələr, türk zabit və əsgərlərindən ibarət Qafqaz İslam Ordusu 1918-ci ilin avqust-sentyabr aylarında tarixi vəzifələrini şərəflə yerinə yetirmişlər.
Sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını işğaldan azad etdikdən sonra Azərbaycan hökuməti Gəncədən paytaxt Bakıya köçürüldü. Şərqdə ilk parlamentli demokratik respublikanın parlaq tarixi başlandı. Bu tarixdən başlayaraq Azərbaycan Xalq Cümhuriyyəti özünün şanlı ənənələrini və möhtəşəm əməllərini dünyaya çatdıra bilmişdir.