fbpx
  • office@soyqirim.az
  • (023)335-37-07
Tarixdə bu gün Türkmənçay müqaviləsi - 10 fevral 1828-ci il

18-ci əsrin sonunda Azərbaycan-türk sülaləsi olan Qacarlar (1796-1925) İranda hakimiyyətə gəldilər və Səfəvilərin hakimiyyəti altında olmuş bütün əraziləri, o cümlədən Azərbaycan xanlıqlarını, sultanlıqlarını yenidən mərkəzi hakimiyyətə tabe etdirmək siyasəti yeritməyə başladılar. Beləliklə, Qacarlarla həmin dövrdə Cənubi Qafqazı, o cümlədən Azərbaycanı işğal etməyə çalışan Rusiya imperatorluğu arasında müharibələr dövrü başlandı. Nəticədə Türkmənçay kəndi yaxınlığında müqavilə imzalandı. Türkmənçay (1828) müqavilələrinə əsasən müstəqil Azərbaycan dövlətlərinin – xanlıqların və sultanlıqların varlığına son qoyuldu. Ölkə iki imperatorluq arasında bölüşdürüldü: Azərbaycanın şimalı (Şimali Azərbaycan) Rusiyaya, cənubu (Cənubi Azərbaycan) isə Azərbaycan-türk əsilli Qacarlar sülaləsinin idarə etdiyi İran şahlığına qatıldı. Şərqə doğru daha da irəliləmək istəyən Rusiya Cənubi Qafqazda yaşayan xristian əhalisinə arxalanır, müsəlman əhalinin zorla xristianlaşdırılması və kütləvi surətdə Rusiyadan xristian əhalinin Qafqaza köçürülməsi siyasətini həyata keçirirdi. Xristian əhali adı ilə işğal olunmuş Qarabağın dağlıq bölgələrinə, həmçinin keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə qonşu ölkələrdən kütləvi surətdə ermənilər köçürüldü. Qərbi Azərbaycanda – keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisində “Erməni vilayəti” yaradıldı. Bununla, Azərbaycan ərazisində gələcək erməni dövlətinin əsası qoyuldu. Bununla da ermənilərin azərbaycanlılara qarşı yeni ərazi iddiaları üçün şərait yardılmış oldu.
İranın şahlıq rejimi də Azərbaycanın cənub torpaqlarında,
mahiyyətcə bənzər siyasət həyata keçirirdi.
Beləliklə Türkmənçay müqaviləsi ilə vahid Azərbaycan dövləti iki imperiya arasında parçalandı və gələcək fəlakətlərin əsası qoyulmuş oldu.
Mənbə: Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. səh.417