fbpx
  • office@soyqirim.az
  • (023)335-37-07
Tarixdə bu gün: Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 23 aylıq fəaliyyəti dövründə həyata keçirdiyi mühüm işlərdən biri də 1918-ci ildə ölkədə baş verən soyqırımı hadisələrinin araşdırılması və günahkarların müəyyənləşdirilməsi olmuşdur.
Hökumət hələ Gəncədə olarkən bolşevik adı altında erməni-daşnak dəstələri tərəfindən müsəlman əhalisinə və mülkiyyətinə qarşı törədilən zorakılıq hallarını araşdırmaq məqsədilə 15 iyul 1918-ci il tarixində Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqında qərar qəbul etmişdir. İlk günlər komissiya 7 nəfərlik tərkiblə təsis edilsə də sonralar Bakı və Gəncə şəhərlərinin istintaq-prokurorluq və məhkəmə orqanlarının digər nümayəndələri də işə cəlb edilmişdir. Fövqəladə Təhqiqat Komissiyasının tərkibi çoxmillətli olmaqla, əsasən polyak, rus, alman, litva tatarı və Rusiyada təhsil almış hüquqşunas azərbaycanlılardan ibarət idi. Fəaliyyət göstərdiyi dövr ərzində 15 iyul 1918-ci ildən- 1 noyabr 1919-cu ilə qədər Fövqəladə Təhqiqat Komissiyasının tərəfindən 36 cilddən ibarət istintaq materialı toplanmışdır. Bakı, Şamaxı, Quba, Göyçay, Cavad, Nuxa, Lənkəran qəzalarında, Gəncədə, Qarabağda, Zəngəzurda erməni-daşnaklar tərəfindən törədilmiş amansız cinayətlər araşdırılmışdır. Fövqəladə Təhqiqat Komissiyasının fəaliyyətinin yekunu olaraq 128 məruzə və qərar layihəsi hazırlanmış, onların əsasında müxtəlif cinayətlərdə müqəssir bilinən 194 şəxsə qarşı cinayət işi qaldırılmışdır.
Qeyd: Soyqırımı Memorial Kompleksinin muzeyində Fövqəladə Təhqiqat Komissiyanın yaradılması, fəaliyyəti və üzvləri haqqında məlumatları əks etdirən guşə movcuddur.