• office@soyqirim.az
  • (023)335-37-07
“Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. / 9 Oktyabr, 2021

4 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Cəbrayıl rayonunda səfərdə olub. Səfər çərçivəsində Prezident cənab İlham Əliyev Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Görüş zamanı dövlətimizin başçısı bildirib: “Azad olunmuş ərazilərə gələn hər bir insan dağıntıları görür və erməni vəhşiliyinin, erməni vandallığının şahidi olur. Bu vəhşilik, bu vandallıq işğal dövründə törədildi. Müharibə dövründə bu qədər dağıntılar ola bilməzdi. İşğal dövründə ermənilər bütün evləri, binaları kərpic-kərpic sökərək talançılıqla, soyğunçuluqla məşğul olurdular və bütün dünya buna göz yumurdu. Biz bütün gücləri səfərbər etmişik və edəcəyik ki, qısa müddət ərzində Cəbrayılı və bütün başqa rayonlarımızı yenidən quraq, bərpa edək. Buna nail olmaq üçün əməli işlər aparılır və azad olunmuş şəhərlərin baş planları hazırlanaraq ictimaiyyətə təqdim olunur”.
Son illərdə Azərbaycanla Rusiya arasında strateji tərəfdaşlığa əsaslanan dostluq münasibətləri bütün digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də uğurla inkişaf edir. Azərbaycanın Rusiyanın ayrı-ayrı regionları, o cümlədən Tatarıstan Respublikası ilə səmərəli qarşılıqlı əməkdaşlıq münasibətləri var. Yük maşınlarının istehsalı üzrə dünyanın aparıcı şirkətlərindən olan “KamAZ”ın Cəbrayılda “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi ilə birgə servis mərkəzinin yaradılması bunun göstəricisidir. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi torpaqlarımızın işğaldan azad edilməsi kənd təsərrüfatı texnikasına, eləcə də digər texnikalara və texniki xidmətlərə tələbatı artırıb. Bu baxımdan Qarabağ bölgəsində yük avtomobilləri və kənd təsərrüfatı texnikaları üçün “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin yaradılması xüsusi əhəmiyyət daşıyır.
Qeyd edək ki, layihə bu ilin iyul ayında Rusiya şirkətlərinin nümayəndələrinin Azərbaycana işgüzar missiyası çərçivəsində “Gəncə avtomobil zavodu” İstehsalat Birliyi ilə “KamAZ” ASC arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq “KamAZ” avtomobil zavodu ilə birlikdə həyata keçiriləcək.
“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yaradılacaq regional servis mərkəzinin ümumi ərazisi 1,5 hektar olacaq. Ərazidə satış zalı, maliyyə xidmətləri şöbəsi, xidmət bürosu, menecer şöbələri, təmir zonası ustalarının ofisləri və ehtiyat hissələri anbarının yerləşəcəyi inzibati bina, yük avtomobilləri və kənd təsərrüfatı texnikalarına xidmət üçün qulluq blokları, təmir sexləri, avtoyuma və dayanacaq fəaliyyət göstərəcək.
Prezident cənab İlham Əliyev görüş zamanı bildirib: “Oktyabrın 4-ü Azərbaycan xalqının tarixində əbədi qalacaq. Çünki oktyabrın 4-də Cəbrayıl şəhəri işğalçılardan azad edildi və bu Qələbənin çox böyük mənası var idi. İlk dəfə olaraq müharibənin birinci həftəsində şəhər, rayon mərkəzi azad edilmişdi. Bunun çox böyük rəmzi mənası var idi. Bu, bizim Ordumuza əlavə güc verdi, inam verdi. Düşmənin müdafiə xəttini məhz bu istiqamətdə yara bilmişik. Strateji əhəmiyyət daşıyan kəndləri azad edəndən sonra artıq Zəngilanın azad edilməsi labüd idi. Eyni zamanda, Füzuli, Cəbrayıl əməliyyatlarından sonra Hadruta aparan yol da artıq açılmışdı. Cəbrayılın azad olunması beş il bundan əvvəl başlamışdı. Aprel döyüşləri nəticəsində Cocuq Mərcanlı kəndinə insanları qaytarmaq üçün imkanlar əldə edildi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi”.
Dövlətimizin başçısı çıxışında qeyd edib: “İranın hansısa əyalət mollası ağzını açıb Azərbaycana qarşı iftiralar uydurmuşdur. Bu cür ucuz təxribatlara əhəmiyyət verilməməlidir. Amma sonra əfsuslar olsun ki, rəsmi şəxslər bizə qarşı əsassız ittihamlar irəli sürməyə başlamışlar. Azərbaycan bu bölgələrə İsraili gətirib kimi uydurmalar əsassızdır. Sübutlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın. Azərbaycan imkan verməz ki, kimsə əsassız iftira uydursun. Azərbaycan müstəqil siyasət aparan ölkədir. Qonşularımızla və bütün başqa ölkələrlə münasibətləri müstəqil siyasət əsnasında qururuq. Biz hər bir ölkənin suveren hüquqlarına hörmətlə yanaşırıq və tələb edirik ki, bizim suveren hüquqlarımıza hər kəs hörmətlə yanaşsın, bizim daxili işlərimizə müdaxilə etməsin. İndi Ermənistan rəhbərliyi ən yüksək səviyyədə açıq-aydın bəyan edir ki, Azərbaycan Gorus-Qafan yolunun müəyyən hissəsində haqlı olaraq yerləşib. Çünki sovet dövründəki xəritələr bunu göstərir. Xəritələr var, 1920-ci ilin xəritələri, çar Rusiyasının xəritələri. Biz öz ərazimizdəyik”.
Prezident cənab İlham Əliyev bildirib ki, ölkəmiz bütün qonşu dövlətlərə əməkdaşlıq platformasını təqdim edib. Türkiyə Prezidenti tərəfindən təklif olunan əməkdaşlıq platformasına Azərbaycan birinci ölkə olaraq öz dəstəyini göstərib. Bölgədə sabitliyin bərqərar olmasında Türkiyə və Rusiyanın rolu çox böyükdür. Ermənistan da bu formata qoşulacaq. Son vaxtlar Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması ilə bağlı verilən ifadələri dəstəkləyirik.

Paylaş

Spread the love