• office@soyqirim.az
  • (023)335-37-07
Tarixi həqiqətlər: Əzəli Azərbaycan torpağı - Zəngəzur mahalı
Azərbaycan Xalq Cumhuriyyətinin süqutundan sonra Sovet hakimiyyəti tərəfindən Azərbaycan torpaqlarının Ermənistana ilhaq edilməsi barədə ölkə suverenliyi nəzərə alınmadan qeyri-qanuni qərəzli qərarlar qəbul edilmişdir. Azərbaycan dövlətinin və xalqının iradəsinə zidd olaraq qəbul edilmiş bu qərarlardan biri də tarixi Zəngəzur mahalının Sovet Ermənistanına verilməsi idi.
Azərbaycanın tarixi ərazisi Yuxarı Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbacan Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə baş vermişdir. Qərarda Zəngəzur bölgəsini Qərbi Zəngəzur qəzası və Şərqi Zəngəzur qəzası olaraq iki yerə bölmək təklif edilirdi. Nəticədə, Zəngəzur qəzasının 6742 kv. verstlik ərazisindən 3 min 105 kv. versti Azərbaycan SSR tərkibində qalmış, 3min 637 kv. verstlik hissəsi isə Ermənistana verilmişdi. Məqsədyönlu şəkildə aparılan bu ərazi bölgüləri qədim Naxçıvan diyarını digər Azərbaycan torpaqlarından ayrı saldı.
1933-cü ildə Sovet Ermənistanı Yuxarı Zəngəzur mahalını ləgv etmiş, rayonların yaradılmasından sonra isə Zəngəzur adı xəritələrdən silinməyə başlanılmışdı.
Azərbaycanın tarixi yurd yeri olan Zəngəzur mahalının ərazisində Qafan, Gorus, Qarakilsə (Sisian) və Mehri rayonları yaradıldı. Zəngəzurun Azərbaycanda qalan hissəsində isə əvvəlcə Kürdüstan qəzası, sonra isə Zəngilan, Qubadlı, Laçın rayonları yaradıldı. 1992-93-cü illərdə isə Zəngəzurun qalan əraziləri də erməni silahlı birləşmələri tərəfindən işğal edilmişdir.

Paylaş

Spread the love