• office@soyqirim.az
  • (023)335-37-07
1918-ci il erməni-bolşevik birləşmələri tərəfindən soyqırımı həqiqətlərini araşdırmaq məqsədilə yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının toplamış olduğu bir sıra sənəd və materialların əksəriyyətini şahid ifadələri təşkil edirdi:

Dindirmə protokolu 1918-ci il, 9 oktyabr Bakı şəhəri

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 443-cü maddəsinə uyğun olaraq şahid qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir: Polkovnik Vladimir Konstantinoviç Olonqren, 54 yaşım var, Bakıda, Aşurbəyov qardaşlarının Kamenistaya və Qoqol küçələrinin tinindəki 205-32 №-li evində yaşayıram. Bu ilin mart ayının 19-da, bazar ertəsi səhər saat 5-ə yaxın Aşurbəyovların evinə zabit formasında iki erməninin başçılıq etdiyi 20-25 nəfər silahlı erməni əsgəri daxil oldu. Bu dəstə üçüncü mərtəbədən başlayaraq evin bütün mənzillərini bir-bir gəzməyə başladı. Əli bəy Aşurbəyovun mənzilinə girərək və orada Berdan tipli tüfəngin patronlarının olduğu yeşiyi taparaq, ermənilər, heç nəyi salamat qoymadan, bütün mənzili dağıtmağa başladılar: mebeli, güzgüləri, çilçıraqları, saatları və digər əşyaları qundaqlarla sındırdılar və qiymətli əşyaları talan etdilər. Zabitlərdən ortaboylu birisi Əli bəyin xəz kürkünü geyindi və onun üstündən bir neçə əsgərin köməkliyi ilə öz forma şinelini geyə bildi və çıxıb getdi. Bu zabiti, eləcə də onun ucaboylu və həddən artıq arıq yoldaşını görsəm, tanıya bilərəm. Əli bəy Aşurbəyovun bütün ev avadanlıqlarından yalnız onun xalçalarını xilas etmək mümkün oldu. Sonradan bu evə dəfələrlə dəstədəstə ermənilər soxulurdu və hər dəfə mən onları dilə tutmalı olurdum ki, mənzillərə girməsinlər. Əli bəyin mənzilinin talan edilməsində iştirak edən ucaboylu zabit bütün evə baxdığı və burada müsəlmanları tapmadığı barədə mənə kağız verdi. Bu kağızı evə gələn erməni dəstələrinə göstərməli olurdum və onlar mənzillərə girmədən evdən uzaqlaşırdılar. Oxundu. İmza. Polkovnik Olonqren. Fövqəladə Təhqiqat komissiyasının üzvləri: Andlı iclasçı Məmməd Xan Təkinski, Prokuror köməkçisi А.Kluge (imzalar) AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 14. Solmaz Rüstəmova-Tohidi –  Bakı. Mart 1918-ci il. Azərbaycan qırğınları sənədlərdə səh.250 https://soyqirim.az/books

Paylaş

Spread the love