• qsmk@soyqirim.az
  • (023)336-37-07
Xarıbülbül – Qarabağın simvolu

Azərbaycan təbiəti və mədəniyyəti bir-birindən ayrılmazdır. Dağlarımız, çaylarımız, meşələrimiz kimi çiçəklərimiz də xalqımızın yaddaşında iz buraxmışdır. Qarabağın dağlarında bitən Xarıbülbül isə sadəcə bir gül deyil, həm də xalqımızın mədəni irsi, sevgisinin və vətən həsrətinin rəmzidir. Bu nadir çiçək əsrlər boyu Şuşanın və Qarabağın simvolu olmuş, həm poeziyada, həm musiqidə, həm də xalqın yaddaşında xüsusi yer tutmuşdur. Azərbaycanın xalq mahnılarında, şairlərin şeirlərində bu gül, həsrətin və gözəlliyin rəmzi kimi tərənnüm olunmuşdur.
Xarıbülbül Qarabağın dağlıq ərazilərində bitən çox nadir bir çiçəkdir. Onun ləçəkləri elə bir formadadır ki, elə bil bir quş öpüş üçün qanad açmışdır. Buna görə də xalq arasında bu gül məhəbbət və sədaqət rəmzi kimi qəbul edilmişdir.
Xalq arasında Xarıbülbül haqqında çoxlu əfsanələr dolaşır. Onların birində deyilir ki, bu gül bir şahzadə ilə kasıb qızın saf məhəbbətindən yaranıb. Ayrılığa məhkum edilən aşiqin göz yaşları Qarabağ torpağına düşüb və həmin yerdə Xarıbülbül bitib. Ona görə də bu gül saf eşqin və vətən sevgisinin simvolu sayılır.
Uzun illər Qarabağ torpaqları işğal altında qaldığı üçün xalqımız Xarıbülbülü yalnız şəkillərdə və yaddaşlarda görürdü. O, itirilmiş yurdun həsrətini simvolizə edirdi. Lakin 2020-ci ildə Qarabağ azad olundu və Xarıbülbül yenidən öz yurdunda açdı. O, sevginin, sədaqətin, vətən həsrətinin və azadlıq sevinci ilə dirçəlişin simvolu kimi tariximizdə yaşayır. Bu gün Şuşada keçirilən “Xarıbülbül musiqi festivalı” həm Qarabağın azadlığını, həm də bu çiçəyin yenidən həyat tapmasını bütün dünyaya nümayiş etdirir. Xarıbülbül Qarabağla birgə azadlığımızın, qürurumuzun və milli irsimizin təcəssümüdür.

Paylaş

Spread the love