• office@soyqirim.az
  • (023)335-37-07
Quba soyqırımı 1918-ci il (1-9 May)
Bakı quberniyasının digər ərazilərində olduğu kimi, Quba da da milli hərəkata divan tutmaq və öz hakimiyyətini qurmaq üçün Bakı Sovetinin bolşevik-daşnak rəhbərliyi buraya Gelovanidən sonra ikinci dəfə hərbi qüvvə, bu dəfə Hamazaspın rəhbərliyi ilə yalnız ermənilərdən ibarət cəza qüvvəsi göndərmək qərarına gəlmişdi. Hamazaspın özü dəstəsinin cəza məqsədi ilə Qubaya göndərildiyini inkar etmirdi: «Mən erməni xalqının qəhrəmanı və onun müdafiəçisiyəm” deyirdi. Quba şəhərinə çatmamış erməni quldur dəstələri yol boyunca dinc əhalinin yaşadığı kəndləri yandırmış, kütləvi soyqırımlar törətmişlər. Harınlamış ermənilər qocalara, uşaqlara, qadınlara belə aman verməyərək qabaqlarına çıxan bütün müsəlmanları məhv etmişdilər.
Şahid ifadələrinə görə aprelin sonlarında Hamazaspın dəstəsi Xaçmaza yaxınlaşmış, lakin burada yerli qüvvələr ona müqavimət göstərmişdilər. Lakin qüvvələrin qeyri-bərabərliyi ucbatından iki günlük döyüşlərdən sonra cəza dəstəsi Qubaya yol aça bilmişdi. Bu dəstənin başında Hamazasp dururdu. Onun köməkçisi Nikolay, bələdçisi isə “Dəyirmançı” ləqəbli yerli erməni Harutyun Hayrapetov idi. Hamazaspın dəstəsində 3 minə yaxın adam, 4 top və 8 pulemyot var idi.
Mayın 1-də bolşevik adı ilə üç tərəfdən şəhərə daxil olan erməni daşnaklar dərhal qətl və talanlara başlamışdılar. Elə birinci gün şəhərin aşağı hissəsində əksəriyyəti qadın və uşaqlardan ibarət 715 müsəlman öldürülmüş, Böyük Şosse və Bazar küçələri dağıdılmışdı. İkinci gün 1012 nəfər dinc sakin qətlə yetirilmişdi. Şəhər əhalisinin nümayəndəsi kimi Hamazaspın yanına gələn Ə. Əlibəyov ondan həlak olanları dəfn etmək üçün imkan yaratmağı xahiş etsə də onun xahişi rədd edilmişdi. Hamazasp dəfələrlə edilmiş müraciətlərə baxmayaraq öldürülmüş müsəlmanların meyidlərinin küçələrdən toplanmasına və dəfn edilməsinə icazə verməmişdi. Məqsəd də aydın idi əhalini qorxutmaq və vahimə içində saxlamaq. Zorakılıqlar, qətl və qarətlər 9 gün davam etmiş, qəza əhalisinin əmlakları talan edilmişdi.
Arxiv sənədləri araşdırılarkən məlum olmuşdur ki, Hamazasp gəldiyi vaxt Qubaya Petrovskidən də əlavə qüvvə göndərilmişdir. Ümumilikdə Quba qəzasında soyqırımı törədən erməni daşnak dəstə üzvlərinin sayı 5-6 mindən yuxarı olmuşdur. Cəza dəstəsinin üzvləri müsəlmanlar üzərində insan təfəkkürünə sığmayan vəhşilikləri tətbiq edirdilər. Şahid ifadələri erməni vandallarının yaralanmış və öldürülmüş insanlar üzərində tətbiq etdikləri insanlığa sığmayan “təcrübələrdən” zövq aldıqlarını təsdiq edir. Qana susamış daşnak cəlladları öldürülən müsəlmanların meyitlərindən əl çəkmirdilər.
Quba sakini 40 yaşlı Məşədi Həmdulla Əliyev bildirirdi ki, şəhərdə çox sayda meyitlər gördüm, meyitlərdən təxminən 2/3-si uşaq və qadınlara aid idi. Bir çox qadınların döşləri kəsilmiş, meyitlər isə xəncərlər ilə eybəcər hala salınmışdı. Ermənilər tərəfindən öldürülən 300 nəfərin 51 qəbirdə basdırıldığı barədə də arxiv materialları mövcuddur. Hamazaspın vəhşilikləri nəticəsində Quba qəzasında ümumilikdə 16 mindən çox dinc sakin məhv edilmişdi.
Fövqəladə Komissiyaya qəzanın ayrı-ayrı kənd icmalarına dəymiş ziyanla əlaqədar təqdim olunmuş sənədlərdə adətən ailələrə dəymiş ziyan ümumi şəkildə göstərilmiş, bəzi hallarda yandırılmış evlər və digər tikililər barədə məlumatlar göstərilməmişdir.
Din ocaqlarını yerlə-yeksan edən daşnaklar islam dininə, şərq tarixinə və ədəbiyyatına aid minlərlə qiymətli kitabları da məhv etmişdilər. Qubanın mərkəzində Əbdürrəhim əfəndinin mədrəsəsini yandıran ermənilər buradakı 1300-ə yaxın kitabı tonqala atmışdılar. Məlumatlara əsasən Digah məscidində təxminən 600-700 il əvvələ aid, alban və ərəb əlifbası ilə yazılmış kitablar var idi. Ermənilər həmin kitabları məhv etməklə yanaşı, kənd məscidinin təxminən bir kilometrliyində yerləşən pirin daşını da partlatmışdılar. Bu, üstündə alban yazıları olan çox nəhəng daş idi
1918-ci ilin dekabr ayında Gəncə dairə məhkəməsinin üzvü Andrey Novatski öz köməkçisi ilə birlikdə Qubaya gələrək istintaqa başlamışdı. 1918-ci ilin aprel-may aylarında Quba qəzasında törədilmiş soyqırımı ilə bağlı istintaq qrupu bir neçə ay ərzində onlarla şahidi dinləmiş, hadisə baş verən yerlərə baxış keçirilmiş və 3 cildlik 451 vərəqdən ibarət sənədlər toplusu hazırlanmışdır. Fövqəladə Təhqiqat Komissiyasının üzvü Novatski komissiyasının sədrinə Quba şəhəri, həmçinin Quba qəzasının kəndlərində törədilmiş dağıntılar, eləcə də dinc əhaliyə qarşı törədilmiş zorakılıqlar barədə məruzə təqdim etmişdir.
Quba qırğınlarının birbaşa təşkilatçıları – Şaumyan, Korqanov, icraçıları Hamazasp, Volunts və erməni millətindən olan başqa canilər idilər. Bolşevik və daşnak S.Şaumyanın rəhbəri olduğu Bakı Sovetinin əsasən ermənilərdən ibarət və daşnak Hamazaspın komandanlığı altında olan quldur dəstələrinin Qubada törətdikləri vəhşiliklər vətəndaş müharibəsi və ya Sovet hakimiyyətinin qurulması hadisəsi deyil, bütöv bir xalqın kütləvi şəkildə məhv edilməsi soyqırımı hadisəsi idi.

Paylaş

Spread the love