20 Yanvar – uzun illər sovet imperiyasının əsarətində yaşayan Azərbaycan xalqının azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Bakıya yeridilən sovet qoşun hissələri küçələrə çıxıb imperiyaya qarşı öz etirazlarını bildirən dinc əhalini ağır texnika və müxtəlif tipli silahlardan atəşə tutmuşlar. Buna baxmayaraq, soyuq qış gecəsində Bakının küçə və meydanlarına doluşan insanların o gecə ürəklərinə yalnız bir hiss hakim kəsilmişdir -Azadlıq, Müstəqillik. İnsanların gülləyə tutulduğu, tankların altında əzildiyi həmin gün tariximizin dönüş nöqtəsi oldu, azadlıq yolunda günəş doğdu. Bir qədər sonra isə tarixi məqam yetişdi və Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyinə qovuşdu.