“18 May Beynəlxalq Muzeylər Günü”

Muzeylər mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən müəssisələrdir. Beynəlxalq Muzeylər Günündə ölkəmizin bütün muzeylərində və qoruqlarında “Açıq Qapı Günü” elan edilir. Bu gün ilə əlaqədar Memorial Kompleksə gələn çoxlu sayda yerli və əcnəbi ziyarətçilər muzeyi ekskursiya etmiş, həmçinin Kompleksin məlumat mərkəzinə dəvət edilərək, Heydər Əliyev Fondu tərəfindən müasir avadanlıqlarla təchiz olunmuş zəngin kitabxana, oxu zalı, audiobələdçilər və Kompleksin rəsmi veb-saytı ilə tanışl olmuşlar. Ziyarətçilərə 1918-ci ildə baş vermiş soyqırımı faktlarını əks etdirən kitablar və 3 dildə 16 adda tərtib olunmuş bukletlər təqdim edilmişdir.

 

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiya çərçivəsində Quba şəhər məktəblilərinin fəal iştirakçıları Azərbaycan Televiziyasına (Az.Tv) müsahibə vermişlər.

14.05.2019-cu il tarixində Soyqırımı  Memorial  Kompleksində  Prezident  İlham Əliyevin tövsiyəsi ilə reallaşan “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Quba şəhər məktəblilərinin fəal iştirakçıları, vətənpərvərlik tərbiyəsində, Azərbaycanımızın tarixini, maddi-mədəniyyətini, sosial-iqtisadi həyatını  daha dərindən  öyrənilməsində  “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən  maarifləndirici tur-aksiyaların  xüsusi əhəmiyyət kəsb etməsi  haqqında Azərbaycan  Televiziyasına (Az.Tv) müsahibə vermişlər.

 

 

Avropa Əlamətdar Qəbiristanlıqlar Asossasiyasının prezidenti xanım Lidiya Plibersek Azərbaycana səfəri çərçivəsində, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmişdir.

2-3 may 2019-cu il tarixində UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və İSESCO-nun birgə tərəfdaşlığı ilə keçiriləcək V Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədi ilə ölkəmizdə səfərdə olan Avropa Əlamətdar Qəbiristanlıqlar Asossasiyasının prezidenti xanım Lidiya Plibersek, 01 may 2019-cu il tarixində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşı xanım Səidə Abdullayevanın müşayiəti ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleks”ni ziyarət etmişdir.

 

“Mustafa Kamal Atatürk-2019” Türkiyə-Azərbaycan birgə hərbi təlimlərə cəlb olunan türk hərbi əsgər və zabitləri Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə.

27. 04. 2019-cu il tarixində “Mustafa Kamal Atatürk-2019” Türkiyə-Azərbaycan birgə hərbi təlimlərə cəlb olunan türk hərbi əsgər və zabitləri Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmişlər. İlk öncə qonaqlar faciə qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət etmiş və qarşısına tər güllər düzmüşlər. Qonaqları salamlayan Kompleksin direktoru tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova son 2 əsrdə Qafqazda türk-müsəlman əhalisinə qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə, soyqırımı siyasəti və 1918-ci ildə Azərbaycan torpaqlarında erməni quldur dəstələri tərəfindən törədilmiş vəhşilikləri barədə, həmçinin muzeyin ekspozisiyalarında əks olunmuş foto şəkillər və sənədlər haqqında ətraflı məlumat vermişdir.
Sonda qonaqlara soyqırım hadisələrini əks etdirən kitab və bukletlər təqdim edilmişdir.

Kompleksimizin kiçik ziyarətçiləri 26.04.2019

26.04.2019-cu il tarixində Quba şəhər 2 №-li tam orta məktəbinin ibtidai sinif şagirdləri və müəllimləri  Soyqırımı Memorial Kompleksini  ziyarət etmişlər. Məktəblilərə 1918-ci ildə cinayətkar erməni hərbi dəstələri tərəfindən azərbaycanlılara, o cümlədən azərbaycanda yaşayan digər xalqların nümayəndələrinə  qarşı  törətdikləri  bəşəri cinayətlər  haqqında  ətraflı məlumat verilmişdir.  Daha sonra Kompleksin  bələdçiləri  muzeydə olan  Quba soyqırımına  aid  ayrı – ayrı tarixi  sənədlər, eksponatlar haqqında məlumat verərək, məktəbliləri  maraqlandıran sualları  cavablandırmışlar. Sonda soyqırım hadisələrini əks etdirən sənədli film nümayiş olunmuşdur.

Azərbaycan Respublikasınin Mədəniyyət Naziri cənab Əbülfəs Qarayevin müvafiq sərəncamı ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” fəxri fərmanla təltif olunmuşdur.

Aprelin 18-də Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə “Boulevard Hotel Baku”də Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir çərçivəsində nazirliyin təsis etdiyi “Milli irs mükafatı”nın təqdimat mərasimi və “İrs” silsiləsindən olan “Daş keşikçilər” kitabının təqdimatı olub.
Tədbirdə giriş sözü ilə çıxış edən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov bildirib ki, bu əlamətdar günün qeyd olunması bəşəriyyətin tarixi irsə və abidələrə verdiyi qiymətin mühüm təzahürüdür. Qeyd edib ki, abidələr və tarixi yerlərimiz öz görkəmləri ilə xalqımızın zəngin tarixini bir daha əyani nümayiş etdirir. Xidmət rəisi çıxışının sonunda mədəni irsimizin təbliğində zəhməti keçən hər kəsi əlamətdar gün münasibətilə təbrik edib, uğurlar arzulayıb.
Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev bu əlamətdar günün əhəmiyyətindən danışıb. Bildirib ki, ölkəmizdə də yaşı əsrləri və minillikləri əhatə edən tarixi abidələr mövcuddur. Azıx mağarasından tapılmış qədim insanın çənə sümüyü, Qobustanda aşkar edilmiş yaşayış məskənləri Azərbaycanda ən qədim dövrlərdən insanların məskunlaşdığını təsdiqləyir. Vaqif Əliyev söyləyib ki, Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Azərbaycanda da geniş qeyd olunur. Hər il bu tarixdə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədi ilə müxtəlif tədbirlər, sərgilər həmçinin “açıq qapı” günü təşkil edilir.
Tədbirdə daha sonra Azərbaycanın mədəni irsinin təbliği, milli memarlıq və bərpaçılıq sənətinin təşviqi, tarix və mədəniyyət abidələrinin qorunması sahəsində fəaliyyətin dəstəklənməsi və stimullaşdırılması məqsədilə nazirliyin 2013-cü ildə təsis edilmiş “Milli irs mükafatı”nın növbəti təqdimatı olub.
Mədəni irsin qorunması və təbliğində xidmətlərinə görə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin kollektivi Mədəniyyət Nazirliyinin fəxri fərmanı ilə təltif ediliblər.
Tədbirdə ölkəmizdə abidələr və tarixi yerlərin mühafizəsi ilə bağlı videoçarx nümayiş olunub.
Tədbirin sonunda iştirkçılar üçün ziyafət təşkil olunmuşdur.

18 aprel tarixi bütün dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür.

Bu günün əsas məqsədi insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltmək, cəmiyyət arasında mədəni irsin insan həyatındakı rolunu təbliğ etmək və irsin mühafizəsi istiqamətində imkanları səfərbər etməkdir. 18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Azərbaycanda geniş qeyd olunur. Hər il bu tarixdə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədi ilə müxtəlif tədbirlər, sərgilər təşkil olunur. 18.04.2019-cu il tarixində Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə də 18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Kompleksə gələn yerli və əcnəbi ziyarətçilər muzeyin zalında soyqırımla bağlı müxtəlif kitabların sərgisi ilə tanış olmuş, həmçinin mövzu ilə bağlı sualları cavablandırmışlar. Sonda fəal iştirakçılara soyqırımı hadisələrini əks etdirən kitab və bukletlər təqdim edilmişdir.

“Soyqırımı Memorial Kompleksi”ndə kitab sərgisi təşkil olundu.

“Soyqırımı Memorial Kompleksi”ndə bu gündən etibarən 2 gün ərzində “18 Aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” ilə əlaqədar soyqırımı hadisələrini özündə əks etdirən kitabların sərgisi və ziyarətçilər üçün mövzu ilə bağlı viktorinanın keçirilməsi nəzərdə tutulmuşdur.  Kompleksə gələcək yerli və əcnəbi ziyarətçilər muzeyin zalında kitab sərgisi ilə tanış olacaq, viktorina suallarını cavablandıran fəal iştirakçılara müxtəlif hədiyyələr, o cümlədən kitab və bukletlər təqdim ediləcəkdir.

Bu bahar “Xarı bülbül” Soyqırımı Kompleksinə pənah gətirib.

Adına mahnılar qoşulan “Xarı bülbül” dünyanın heç yerində rast gəlinməyən, təbiətin yalnız Azərbaycana bəxş etdiyi, adı Qarabağla yanaşı çəkilən qeyri-adi gözəlliyi, zərifliyi ilə yanaşı, həm də cəsarət rəmzi hesab edilən təbiət möcüzəsidir. Şuşanın simvolu hesab olunan “Xarı bülbül” yurdunun erməni işğalında olduğu üçün bu bahar öz pənahını Soyqırımı Kompleksinə gətirmişdir. İnşallah tezliklə doğma Qarabağımız erməni işğalından azad olar və bu cəsarət rəmzi sayılan nadir bitkinin fotoşəkilləri doğma diyarından çəkilərək hər yerdə nümayiş olunar.

31 mart Azərbaycanlıların soyqırımının 101 illiyinə həsr olunmuş anım mərasimi Azərbaycan mediasında

“31 mart Azərbaycanlıların soyqırımı”nın 101-ci ildönümü ilə əlaqədar Azərbaycan Dövlət Televiziyasının (AZTV) rəhbərliyi tərəfindən ilk dəfə olaraq gün ərzində Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndən birbaşa yayımlar təşkil olunmuşdur. Həmçinin, digər media orqanları da, o cümlədən ATV, Xəzər TV, ARB, Space, İTV, Lider TV, REAL TV, Qafqaz TV, və s. təşkil olunan konfransı işıqlandıraraq, iştirak edən tarixçilər, millət vəkilləri ilə geniş müzakirələr aparmışlar. Müsahiblər erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddiaları, törətdikləri qanlı cinayətlərin dünya ictimaiyyətinə çatdırılmasından söz açaraq, gələcək nəsillərin tarixi həqiqətlər barədə daha dolğun məlumat əldə etməsi istiqamətində görülən işlərin vacibliyini vurğulamışlar.