31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ

1998-ci il martın 26-da Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Fərmanda  deyilirdi:  “Azərbaycanın  XIX-XX  əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı  düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart  soyqırımına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq  Cümhuriyyətinin  varisi kimi  Azərbaycan  Respublikası bu gün  onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”.

 

26 İyun Azərbaycan Silahlı Qüvvələri Günüdür

Azərbaycan  Silahlı   Qüvvələrinin  yaranma  tarixi  kimi  qeyd  edilən  rəsmi   bayram  ilk dəfə Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli  fərmanı  ilə  təsis  edilmişdir. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin  qərarının qəbul  edildiyi tarix – 9 oktyabr, Azərbaycan Respublikası Silahlı  Qüvvələri  günü  elan  edilmişdir. Azərbaycan  Respublikası  Prezidenti Heydər Əliyevin   22 may  1998-ci il  tarixli  Fərmanına  əsasən  həmin  fərman  qüvvədən  düşürülmüş  və 26 iyun  tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir.

Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü

    Aprelin 18-də bütün dünyada  Beynəlxalq  “Abidələr və Tarixi Yerlər Günü”  qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.