“Mirvari” kafesi

Bakı Dənizkənarı Milli Parkında yerləşən “Mirvari” kafesi bənzərsiz arxitekturası, zəngin tarixi və unikal atmosferi ilə şəhərin əsas simvollarından biridir.
“Mirvari” kafesi Bakı Şəhər İcraiyyə Komitəsinin sədri Əliş Ləmbəranskinin təşəbbüsü ilə inşa edilmişdir. Layihəsi ispan memarı Feliks Kandela tərəfindən Meksikada inşa edilmiş “Los Manantiales” restoranından götürülən “Mirvari” kafesi Bakıya yeni gözəllik verən modern üslubda Vadim Şulqinin rəhbərliyi ilə 1962-ci ildə tikilib istifadəyə verilmişdir.
Kafenin tikintisində, əsasən, strukturun orijinallığına və yerli mənzərəyə uyğunluğa diqqət yetirilir. Onun interyerində isə böyük dalğa şəklində formalaşan dizayn yerli müasir memarlıq stilini tamamlayır. Kafenin xarici görünüşü, mirvarinin qabığına bənzəyən dəmir-betondan tikilmiş strukturu ilə xüsusi bir görünüş yaradır. Bu konstruksiya Xəzər dənizinin sahilinə mükəmməl şəkildə uyğunlaşır və kafenin terrasından gözəl Bakı buxtası görünür.
Burada vaxt keçirmək, sadəcə yemək yemək deyil, həm də Bakının mədəniyyətini və sosial həyatını yaşamaq demək idi. Sovet dövründə bu məkan həm də cavanların bir araya gəldiyi, “Qaya” vokal-instrumental ansablının çıxışları etdiyi bir yer idi.
İspaniyanın Valensiya şəhərində, memar Feliks Kandelanın 2003-cü ildə inşa olunan “The Oceanographic” okeanariumu Bakının “Mirvari” kafesi nə bənzəyir. Bu fərqli coğrafiyalardakı mədəni bağ, həqiqətən, heyranedicidir.
Bu gün də “Mirvari” şəhərin ən prestijli məkanlarından biri sayılır. Burada bir fincan qəhvə içmək həm də Bakının tarixinə səyahət etmək deməkdir. Kafe 2008-ci ildə alman mütəxəssislərlə birgə hazırlanan layihə əsasında bərpa edilib.

 

"Bakı Ağ Şəhər"

Bakı Ağ Şəhər Azərbaycanın müasir şəhərsalma tarixinin ən irimiqyaslı layihələrindən biridir. Layihə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təsdiq etdiyi “2006–2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair kompleks tədbirlər planı” çərçivəsində və Bakı Şəhər İcra Hakimiyyətinin 11 iyun 2007-ci il tarixli sərəncamına əsasən həyata keçirilir. Əsas məqsəd uzun illər sənaye zonası kimi tanınan Qara Şəhəri müasir və ekoloji cəhətdən sağlam şəhər məkanına çevirməkdir. 1650 hektar ərazini əhatə edən layihə Bakının şərq hissəsinin yeni inkişaf mərkəzi kimi formalaşdırılmasını nəzərdə tutur. Baş Plana uyğun olaraq burada yaşayış, biznes, istirahət və sosial infrastrukturun birləşdiyi on şəhər tipli rayon salınır. Layihənin hazırlanmasına “Atkins”, “Foster + Partners” və “F+A Architects” şirkətləri ilə yanaşı, azərbaycanlı mütəxəssislər də cəlb olunmuşdur.
Bakı Ağ Şəhərin yerləşdiyi ərazi XIX əsrin sonlarında yaranmış Qara Şəhərin tarixi irsi üzərində formalaşmışdır. Vaxtilə neftin emalı, saxlanılması və nəqli ilə tanınan bu ərazi Bakının sənaye inkişafında mühüm rol oynamışdır. Bu gün həmin məkan müasir memarlıq, yaşıllıq zolaqları və ekoloji standartlar əsasında yenidən qurulur. Layihə şəhərsalmada müasir yanaşmaların tətbiqi ilə investisiya və biznes üçün də əlverişli imkanlar yaradır.
Bakı Ağ Şəhərin təməlqoyma mərasimi 24 dekabr 2011-ci ildə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə keçirilmişdir. İlk yaşayış məhəlləsi olan “Yaşıl Ada” kvartalı 24 dekabr 2016-cı ildə istifadəyə verilmişdir. Bakı Ağ Şəhərin ilk simvolik tikilisi hesab olunan Ofis Binası isə 24 dekabr 2014-cü ildə açılmışdır. “Atkins” şirkəti tərəfindən layihələndirilən bu bina regionda BREEAM ekoloji sertifikatına layiq görülən ilk tikili olmuşdur. Müasir memarlıq üslubu, yüksək ekoloji standartları və funksional infrastrukturu ilə Bakı Ağ Şəhər paytaxtın yeni inkişaf simvollarından biri hesab edilir. Tarixi irsi qoruyaraq gələcəyə yönələn bu layihə Bakının davamlı inkişaf strategiyasının uğurlu nümunələrindən biridir.

"Alov qüllələri"

Müasir dövrdə şəhərsalma yalnız binaların tikilməsi deyil, həm də şəhərin simasının formalaşdırılması deməkdir. Bu baxımdan Azərbaycanın paytaxtı Bakı şəhərində ucaldılmış Alov qüllələri həm memarlıq, həm də estetik cəhətdən xüsusi əhəmiyyət daşıyır. Bu möhtəşəm tikililər Bakının müasir inkişafını və yenilənən şəhər görünüşünü aydın şəkildə nümayiş etdirir. Bakının simvollarından hesab olunan bu qüllə turistlərin ən çox diqqətini cəlb edən məkanlardan biridir.
Alov qüllələri üç hündür binadan ibarətdir və 2007–2012-ci illər ərzində inşa edilmişdir. Qüllələrin hündürlüyü 140 metrdən 190 metrə qədər dəyişir. Bu binalar hotel, ofis və yaşayış sahələri kimi istifadə olunur. Lakin onların əsas fərqləndirici xüsusiyyəti funksiyasından çox, memarlıq üslubudur. Qüllələrin forması alovu xatırladır və bu da Azərbaycanın “Odlar yurdu” kimi tanınmasını simvolizə edir.
Xüsusilə gecə saatlarında Alov qüllələri daha möhtəşəm görünür. Binaların üzərində quraşdırılmış müasir LED işıqlandırma sistemi vasitəsilə alovun hərəkəti canlandırılır. Bu işıq effektləri şəhərə fərqli gözəllik qatır və paytaxtın gecə mənzərəsini daha cəlbedici edir. Bu xüsusiyyət Alov qüllələrini təkcə memarlıq nümunəsi deyil, həm də vizual incəsənət əsərinə çevirir.
Alov qüllələri ölkənin iqtisadi inkişafını, müasir texnologiyalara açıq olduğunu və şəhərsalma sahəsində atılan uğurlu addımları göstərir. Eyni zamanda, bu binalar milli kimliyi də özündə əks etdirərək keçmiş ilə gələcək arasında bir körpü rolunu oynayır.
Nəticə etibarilə, Alov qüllələri yalnız bir tikili kompleksi deyil, həm də Azərbaycanın müasir inkişafının rəmzidir. Onlar Bakının dünya şəhərləri sırasında öz yerini tutmasına töhfə verən mühüm memarlıq abidələrindən biridir.

"Azərbaycan Dövlət Filarmoniyası'

Azərbaycan Dövlət Filarmoniyası Azərbaycanın ən mühüm mədəniyyət ocaqlarından biri olub, ölkənin klassik və peşəkar musiqi həyatında xüsusi yer tutur. Filarmoniya rəsmi olaraq 1936-cı ildə yaradılmışdır və fəaliyyətə başladığı gündən etibarən milli musiqi sənətinin inkişafında böyük rol oynamışdır. Bu müəssisə görkəmli Azərbaycan bəstəkarı Müslüm Maqomayevin adını daşıyır və onun musiqi irsinin yaşadılmasına xidmət edir. Filarmoniyanın yerləşdiyi bina isə daha qədim tarixə malikdir. Bu möhtəşəm tikili 1912-ci ildə Bakı şəhərində inşa edilmişdir. Binanın memarı məşhur memar Qabriel Ter-Mikelov olmuşdur. İlk dövrlərdə bu bina “İctimai yığıncaqlar evi” kimi fəaliyyət göstərmiş və şəhərin ziyalı təbəqəsinin əsas toplaşdığı məkanlardan biri olmuşdur. 1918-ci ildə, yəni Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dövründə də bu bina mühüm ictimai və mədəni tədbirlər üçün istifadə olunmuşdur. Həmin illərdə Bakı şəhərinin ictimai-siyasi həyatında bu məkanın rolu xüsusilə böyük olmuş, müxtəlif yığıncaqlar və görüşlər burada keçirilmişdir. Filarmoniya yaradıldıqdan sonra burada müxtəlif musiqi kollektivləri fəaliyyət göstərməyə başlamışdır. Bu kollektivlər arasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və digər peşəkar musiqi qrupları xüsusi yer tutur. Bu kollektivlər uzun illər ərzində həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə çıxış edərək Azərbaycan musiqisinin tanıdılmasına böyük töhfə vermişlər. Müasir dövrdə Filarmoniya Azərbaycanın musiqi həyatının əsas mərkəzlərindən biri kimi fəaliyyətini davam etdirir. Burada mütəmadi olaraq klassik musiqi konsertləri, muğam gecələri, kamera musiqisi proqramları və beynəlxalq layihələr keçirilir. Dünyanın müxtəlif ölkələrindən tanınmış musiqiçilər və dirijorlar Filarmoniyanın səhnəsində çıxış edir, bu da onun beynəlxalq nüfuzunu daha da artırır. Eyni zamanda, Filarmoniya gənc istedadların üzə çıxarılması və inkişaf etdirilməsi istiqamətində də mühüm rol oynayır. Bu gün Azərbaycan Dövlət Filarmoniyası təkcə bir konsert zalı deyil, həm də milli musiqi irsinin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsi baxımından strateji əhəmiyyət daşıyan mədəniyyət mərkəzidir. Onun fəaliyyəti sayəsində Azərbaycan musiqisi həm ölkə daxilində sevilir, həm də beynəlxalq səviyyədə tanınaraq yüksək qiymətləndirilir.

"Beynəlxalq Muğam Mərkəzi"

Beynəlxalq Muğam Mərkəzi Azərbaycanın paytaxtı olan Bakı şəhərində yerləşən mühüm mədəniyyət ocaqlarından biridir. Xəzər dənizinin sahilində yerləşən bu möhtəşəm bina ölkənin milli musiqi irsinin qorunması və təbliği məqsədilə yaradılmışdır. Mərkəzin əsas məqsədi Azərbaycan muğam sənətini yaşatmaq, inkişaf etdirmək və onu dünya ictimaiyyətinə tanıtmaqdır. Bu sənət Azərbaycan xalqının zəngin musiqi ənənələrinin mühüm tərkib hissəsi hesab olunur.
Mərkəzin binası müasir memarlıq üslubu ilə seçilir və onun forması ənənəvi Azərbaycan musiqi aləti olan tar alətinin quruluşunu xatırladır. Burada mütəmadi olaraq muğam konsertləri, beynəlxalq festivallar, elmi konfranslar və müxtəlif mədəni tədbirlər təşkil edilir. Mərkəz həm peşəkar musiqiçilər, həm də gənc ifaçılar üçün mühüm yaradıcılıq məkanıdır.
Beynəlxalq Muğam Mərkəzi muğamın tədqiqi və öyrənilməsi istiqamətində də mühüm fəaliyyət göstərir. Burada ustad dərsləri, seminarlar və musiqi layihələri həyata keçirilir. Bu tədbirlər gənc nəsildə milli musiqiyə marağın artmasına kömək edir. Mərkəz Azərbaycan muğamının dünyada tanıdılması baxımından da mühüm rol oynayır.
Muğam sənəti UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edildikdən sonra bu mərkəzin fəaliyyəti daha da əhəmiyyət qazanmışdır. Bu gün Beynəlxalq Muğam Mərkəzi həm yerli, həm də xarici qonaqların böyük maraq göstərdiyi mədəniyyət məkanlarından biridir. Burada təşkil olunan tədbirlər Azərbaycan musiqisinin zənginliyini və dərinliyini nümayiş etdirir. Bu baxımdan mərkəz ölkənin mədəni həyatında xüsusi yer tutur və milli musiqi irsinin gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır.

"Heydər Əliyev Mərkəzi"

Dünya memarlığının incilərindən sayılan, Bakı şəhərinin mərkəzində yerləşən Heydər Əliyev Mərkəzi Azərbaycanın müasir memarlıq simvollarından biridir. 2007-ci ildə inşasına başlanılmış Mərkəz 2012-ci il mayın 10-da, ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümündə istifadəyə verilmişdir. Dünyada parametrik dizaynın ən məşhur nümayəndələrindən sayılan bu binanın memarı, Pritzker memarlıq mükafatının sahibi Zaha Hadiddir. O, dünyanın bir sıra tikinti komplekslərinin arxitektur müəllifi kimi tanınır. Olduqca fərqli bir dizaynda olan binanın küncləri tamamilə aradan qaldırılmış, divarlar və damlar isə bir-birinə axırmış kimi görünür. Bu axıcı, dalğavari xətlər binaya futuristik və dinamik bir görünüş verir.
Üç mərtəbədən ibarət muzeydə ümummilli lider Heydər Əliyevə aid maraqlı faktlar, foto və video materiallar və digər ünikal eksponatlar təqdim olunur. Mərkəz həmçinin turizm, mədəniyyət mərkəzi kimi də fəaliyyət göstərir. Belə ki, sərgi zalları, konfrans otaqları, auditoriyalar və geniş ictimai sahələr mövcuddur ki, ziyarətçilər həm mədəni, həm də təhsil tədbirlərində iştirak edə bilirlər. Burada beynəlxalq sərgilərin, konfransların və mədəni tədbirlərin keçirilməsi üçün də istifadə olunur. Heydər Əliyev Mərkəzi həm müasir texnologiya, həm də estetik baxımdan unikal bir bina olmaqla, Azərbaycan memarlığının qürur mənbəyinə çevrilmişdir.

"Gülüstan Sarayı"

Gülüstan Sarayı Bakının ən görkəmli memarlıq nümunələrindən biri kimi paytaxtın mədəni həyatında mühüm yer tutur. Xəzər dənizinə açılan mövqeyi və şəhərin mərkəzinə yaxın yerləşməsi bu binaya xüsusi estetik dəyər qazandırır. Saray rəsmi dövlət tədbirlərinin, beynəlxalq forumların və mötəbər görüşlərin keçirildiyi əsas məkanlardan biri kimi tanınır. Müasir memarlıq üslubunda inşa edilmiş bina həm monumental görünüşü, həm də funksional quruluşu ilə seçilir.
Gülüstan Sarayının tikintisi XX əsrin sonlarında həyata keçirilmiş və qısa müddətdə Bakının simvolik məkanlarından birinə çevrilmişdir. Geniş və işıqlı zalı böyük auditoriyaların qəbuluna imkan yaradır. Burada keçirilən konfranslar, mədəni proqramlar və rəsmi mərasimlər ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayır. Sarayın interyeri zərif dekor elementləri və müasir texniki avadanlıqlarla təchiz olunmuşdur.
Böyük pəncərələrdən açılan mənzərə paytaxtın gözəlliyini daha aydın nümayiş etdirir. Gülüstan Sarayı yalnız rəsmi tədbirlər üçün deyil, eyni zamanda konsert və təqdimat mərasimləri üçün də əlverişli məkandır. Yüksək səviyyəli akustik sistem və geniş səhnə burada təşkil olunan proqramların keyfiyyətini artırır.
Müxtəlif illərdə sarayda beynəlxalq əhəmiyyətli tədbirlər və dövlət səviyyəli görüşlər keçirilmişdir. Bu fakt onun ölkənin diplomatik və mədəni həyatındakı əhəmiyyətini bir daha göstərir. Saray həm yerli, həm də xarici qonaqlar üçün Azərbaycanın müasir simasını təcəssüm etdirən məkandır. Onun yerləşdiyi ərazi abadlaşdırılmış və yaşıllıq zolaqları ilə əhatə olunmuşdur.
Gülüstan Sarayı Bakının memarlıq panoramında xüsusi yer tutur və paytaxtın rəsmi mərasimlər məkanı kimi tanınır. Burada keçirilən tədbirlər ölkənin beynəlxalq nüfuzunun möhkəmlənməsinə də töhfə verir. Öz möhtəşəm görünüşü və çoxfunksiyalı imkanları ilə saray Azərbaycanın dövlətçilik ənənələrinin və müasir inkişafının rəmzi kimi çıxış edir.

"Hökumət evi"

Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzində, Azadlıq meydanının sahilində ucalan Hökumət Evi həm monumental görkəmi, həm də tarixi əhəmiyyəti ilə seçilir. Bu əzəmətli bina ölkənin dövlət idarəçiliyinin əsas mərkəzlərindən biri olmaqla yanaşı, Azərbaycanın memarlıq irsinin ən nadir nümunələrindən biri hesab edilir.
Möhtəşəm memarlıq ansamblında xüsusi yer tutan Hökumət evinin zəngin və maraqlı tarixi vardır. 1924-cü ildə Bakıda hökumət üzvləri üçün yeni bina tikilməsi ideyası ortaya çıxmış və bu proses 1930-cu illərin əvvəllərinədək davam etmişdir. 1932-ci ildə layihə üçün müsabiqə elan olunmuş, 1934-cü ildə isə qaliblər müəyyən edilmişdir. Müsabiqədə Mikayıl Hüseynov və Sadıq Dadaşovun layihəsi yüksək səviyyəli olsa da, təsdiq edilməmişdir. Münsiflər heyəti birinci yeri Moskvalı memar Lev Rudnevə vermişdir. Binanın şəhər mərkəzində, indiki Azadlıq meydanında tikilməsi qərara alınmış və 13 mərtəbə nəzərdə tutulmuşdur. Lakin layihədə milli memarlıq ünsürlərinin azlığı səbəbindən dəyişikliklər edilmişdir. Dənizə baxan tinlərdəki tağlar məhz bu dəyişikliklərin nəticəsi olaraq əlavə olunmuşdur. Tikinti 1934-cü ildə başlasa da, İkinci Dünya müharibəsi səbəbindən yarımçıq qalmış və yalnız 1952-ci ildə tamamlanmışdır. Bu gün Hökumət evi Şirvanşahlar sarayının memarlıq elementlərini özündə əks etdirən, ölkə əhəmiyyətli tarixi abidə kimi qorunur.
Hökumət Evi təkcə bir inzibati bina deyil, həm də Azərbaycanın dövlətçilik tarixinin canlı şahidi, memarlıq sənətinin incisi və milli qürurun rəmzidir. Hökumət Evi Azərbaycan tarixində mühüm hadisələrin şahidi olmuşdur. Belə ki, 1990-cı il 20 Yanvar hadisələri zamanı Azadlıq meydanında baş tutan matəm mitinqi də məhz Hökumət Evinin qarşısında keçirilmişdir. Bu hadisə həm xalqın azadlıq iradəsinin, həm də binanın milli yaddaşdakı simvolik əhəmiyyətinin göstəricisidir.
Binanın əzəməti və tarixi, Azərbaycan xalqının keçmişi ilə bu günü arasında körpü yaradır, gələcək nəsillərə isə ölkəmizin dövlətçilik ənənələrinin qorunub saxlanıldığını xatırladır.

“Şəhərsalma və Memarlıq İli”

Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 22 dekabr tarixli 858 nömrəli Sərəncamına əsasən 2026-cı il “Şəhərsalma və Memarlıq ili” elan edilmişdir. Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ölkənin tarixi irsinə və gələcək inkişafına verilən önəmin ifadəsidir. Bu qərar şəhərlərə yalnız yaşayış məkanı kimi deyil, mədəni və sosial yaddaş daşıyıcısı kimi yanaşma zərurətini ön plana çıxarır. Azərbaycan şəhərləri əsrlər boyu İpək Yolunun üzərində formalaşaraq ticarət, sənətkarlıq və mədəniyyət mərkəzləri kimi inkişaf edib. Bu proses şəhərlərin memarlıq simasında özünəməxsus üslub və kimlik yaradıb.
Tarixi qalalar, karvansaralar, məscidlər və türbələr milli memarlıq düşüncəsinin dərin köklərə malik olduğunu göstərir. Möminə xatun türbəsi, Xudafərin körpüsü və Atəşgah kompleksi kimi abidələr memarlıq irsimizin dünya miqyasında tanınan nümunələrindəndir. UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş İçərişəhər, Şirvanşahlar Sarayı kompleksi, Qız Qalası və Şəkinin tarixi mərkəzi bu irsin dəyərini bir daha təsdiqləyir.
Xüsusilə Əcəmi Naxçıvaninin yaradıcılığı Azərbaycan memarlıq məktəbinin Yaxın Şərq məkanında formalaşmasına güclü təsir göstərmişdir. XIX əsrdən etibarən Bakı şəhərində Şərq və Qərb üslublarının sintezi ilə yeni memarlıq dili yaranmağa başlamışdır. XX əsrdə isə milli ənənələr əsasında müasir şəhərsalma yanaşmaları formalaşmış, bir çox şəhərlərin planlaşdırılması yenilənmişdir.
Müstəqillik dövründə memarlıq sahəsində reallaşdırılan layihələr şəhərlərin estetik görünüşünü və funksional imkanlarını əhəmiyyətli dərəcədə genişləndirmişdir. Heydər Əliyev Mərkəzi, Alov Qüllələri və Ağ Şəhər kompleksi müasir memarlığın simvoluna çevrilmişdir. Regionlarda aparılan quruculuq işləri şəhərlərin tarazlı inkişafına yeni impuls vermişdir.
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma layihələri şəhərsalmanın humanist və dayanıqlı mahiyyətini ortaya qoyur. Şuşanın tarixi memarlıq mühitinin bərpası milli iradənin və yaddaşın təcəssümüdür. “Şəhərsalma və Memarlıq İli” bu proseslərin sistemli və düşünülmüş şəkildə davam etdirilməsinə çağırışdır. Bu il şəhərlərin daha yaşanıqlı, estetik və gələcəyə açıq şəkildə formalaşmasına xidmət edir.