15 iyun – Milli Qurtuluş Günü

15 iyun – Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsi kimi tariximizdə xüsusi yer tutur. Bu gün ölkəmizin dövlətçilik ənənələrinin qorunub saxlanılması və müstəqilliyimizin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.
1993-cü ilin mürəkkəb və çətin günlərində Azərbaycan ciddi siyasi böhranla üz-üzə qalmışdı. Xalqın təkidli tələbi ilə Ümummilli Lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ölkədə sabitliyin bərpasına, dövlət idarəçiliyinin güclənməsinə və vətəndaş həmrəyliyinin təmin olunmasına zəmin yaratdı.
15 iyun yalnız bir tarixi hadisənin ildönümü deyil, həm də xalqın öz gələcəyinə sahib çıxmasının, milli birliyin və dövlətçilik ideyalarının təntənəsinin simvoludur. Məhz həmin gündən etibarən Azərbaycan inkişaf, tərəqqi və sabitlik yolunda yeni mərhələyə qədəm qoydu.
Bu əlamətdar gün bizə müstəqilliyin qorunmasının, milli həmrəyliyin və dövlətə bağlılığın nə qədər vacib olduğunu bir daha xatırladır. Bu gün qazanılan uğurların təməlində məhz o dövrdə atılmış mühüm addımlar dayanır.
Milli Qurtuluş Günü münasibətilə bütün Azərbaycan xalqını təbrik edir, ölkəmizə daim sülh, əmin-amanlıq və yeni nailiyyətlər arzulayıram. Qoy dövlətimiz hər zaman güclü, xalqımız isə birlik və həmrəylik içində olsun.

Əsrin müqaviləsi - 20 sentyabr 1994

Azərbaycan müstəqilliyini bərpa etdiyi 1991-ci ildən sonra müxtəlif sahələrdə inkişaf yoluna qədəm qoymuşdu. Lakin ölkənin ən böyük təbii sərvəti olan neftin səmərəli şəkildə işlənməsi və xarici bazarlara çıxarılması məsələsi ciddi diqqət tələb edirdi. O dövrdə Azərbaycanın iqtisadiyyatı hələ də keçmiş Sovet İttifaqının dağılmasınadan sonra çətin vəziyyətdə idi və xarici investisiyalar olmadan bu vəziyyətdən çıxmaq mümkün deyildi.
Bilavasitə Ümummilli Lider Heydər Əliyevin siyasi uzaqgörənliyi və diplomatk bacarığı sayəsində 20 sentyabr 1994-cü ildə Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Xəzər dənizinin Azərbaycan sektorundakı Azəri, Çıraq, Günəşli zəngin neft yataqlarının birgə işlənməsi haqqında 8 ölkənin 13 ən məşhur neft şirkətinin iştirakı ilə müqavilə bağlanmışdır. O, “Əsrin müqaviləsi” adlandırılan bu sənədi “Azərbaycanın müstəqilliyini möhkəmləndirən,əsası gələcəyə hesablanan tarixi müqavilə” adlandırılmışdır.
“Əsrin müqaviləsi” Azərbaycana yalnız zənginlik və inkişaf deyil, həm də uzunmüddətli sabitlik və strateji mövqe qazandırdı və XXI əsrdə qlobal enerji siyasətində oynayacağı rolu müəyyənləşdirdi.

"Kəlbəcər döyüşü"

I Qarabağ müharibəsinin sonlarında 1993-cü il martın 27-də Erməni hərbi qüvvələri Ermənistanla Qarabağ arasında yerləşən strateji əhəmiyyətli region olan Kəlbəcər şəhərinə hücum əməliyyatı başlatmış və çoxlu sayda müharibə cinayəti törətmişlər. 1993-cü ilin aprelində Kəlbəcəri müdafiə edən Azərbaycan birləşmələrinin məhdud sayda olması, əsgərlərin yaralanması və hərbi texnika çatışmazlığı səbəbindən döyüş əməliyyatları uğursuz olmuşdur. Ermənilər dörd istiqamətdən həmçinin artıq ələ keçirilən Laçın dəhlizindən hücuma keçərək əraziyə nəzarəti bərqərar etmişlər. Martın 29-da erməni quldur dəstələri Kəlbəcər müdafiəçilərinin təchizat yollarını bağlayaraq bir neçə əsas yüksəkliyi, eləcə də ən yüksək zirvəsini– strateji Murovdağı ələ keçirdilər.
Aprelin 1-dən 2-nə keçən gecə minlərlə dinc sakin sərt hava şəraitinin olmasına baxmayaraq dağ keçidlərindən keçərək evlərini tərk etməyə məcbur olmuşlar. Ermənilərin Kəlbəcərdəki qəddarlığı mülki əhalini evlərindən zorla çıxarmaq, dinc sakinləri öldürmək və girov götürmək də daxil olmaqla, çoxsaylı müharibə cinayətləri ilə nəticələnmişdir. Beləliklə, aprelin 3-də erməni qoşunları Kəlbəcər şəhəri və rayonun bütün ərazisi üzərində nəzarəti bərqərar etdilər.
Kəlbəcərin alınması kəskin beynəlxalq reaksiyaya səbəb oldu. 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal çıxarılmasını tələb edən 822 saylı qətnamə qəbul etdi. Bununla belə, Kəlbəcər rayonunun işğalı 2020-ci ilin noyabrına qədər, II Qarabağ müharibəsi nəticəsində Azərbaycan əraziyə nəzarəti bərpa edənədək davam etdi.
Kəlbəcər döyüşü I Qarabağ müharibəsinin əsas epizodlarından biri oldu və münaqişənin sonrakı gedişatına təsir etdi. Tarixin bu faciəli səhifəsi Azərbaycanın başına gətirilən ağır sınaqların simvoluna çevrilərək minlərlə insanın yaddaşında dərin iz buraxdı.

“Yerli müqavimət hərəkatı və onların aparıcı üzvləri”

Xalq arasında “Ştul Mahmud” kimi məşhur olan Mahmud Əfəndiyev 1875-ci ildə Dağıstanın indiki Qurah rayonun Ştul kəndində anadan olmuşdur. Ştul onun doğulduğu kəndin adından götürülmüş təxəllüsüdür. Mahmudun atası Hacı Qasım bir neçə dəfə Məkkə ziyarətində olmuşdu, tanınmış din xadimi və alim idi. Anası İsli ali mədrəsə təhsili almış, ərəb dilində bir sıra tərcümələr etmişdi. El arasında ona “alim İsli” deyirdilər. Övladlarının təhsil almasına, dini və dünyəvi elmləri dərindən öyrənməsinə yaxından dəstək olan Hacı Qasım və İsli onun gələcək həyatında böyük rol oynamışdılar.
Öz biliyi və bacarığı ilə el arasında məşhurlaşan Ştul Mahmud bir müddət Cənubi Dağıstanın Kürə dairəsinin şəriyət məhkəməsində qazi işləmişdi. 1924-cü ildə şəriət məhkəmələri xalq məhkəmələri ilə əvəz olunur və Ştul Mahmud bir müddət rayon xalq məhkəməinin sədri vəzifəsində işləyir.
1918-ci ildə məşhur ləzgi qaçağı Hacı əfəndinin dəstəsi ilə birlikdə Qubaya gəlmiş və “Qanlı dərə”də erməni daşnaklarına qarşı döyüşlərdə yaxından iştirak etmişdir. 200 atlıya başçılıq etmiş Ştul Mahmud Xudat-Qusar cəbhəsində də döyüşmüşdü. Bəzi döyüş iştirakçıları onu “Ləzgi Mahmud” kimi xatırlayırdı.

1918-ci il soyqırımları zamanı erməni daşnaklarına qarşı fəal mübarizə aparan yerli müqavimət hərəkatının qəhrəmanlardan biri də 1880-ci ildə Quba qəzasının Qusar nahiyəsinin Hil kəndində anadan olmuş Hacıbaba Babayevdir.

O, həmin ildə baş vermiş hadisələr barədə xatirələrində deyir: “Amazasp  Qubaya   hücum edəndə kəndimizə kəhər at belində bir nəfər gəldi. Camaatı yığıb, özünün Əlibəy olduğunu bildirdi və xahiş etdi ki, əli silah tutan kim varsa döyüşə hazırlaşsın. Müsəlmanları qırmaq üçün Qubaya gələn ermənilərin qarşısını almaq lazımdır. Sonra o, başqa kəndlərə getdi.”

Bu çağırışdan  sonra  Hacıbaba  Babayev  Hil  kəndindən  Məhəmməd Hacıyev və  Gülməhəmməd  Mürşüdovun  başçılığı  ilə  yaradılan  200-dən çox silahlı  dəstəyə qoşularaq erməni daşnaklarına qarşı mübarizə aparmışdır. O,  Kuzunlu  Möhübəli əfəndi, Cağarlı  polkovnik  Hatəm ağa və Əlibəy Zizikski,  eləcə də Dağıstandan Əbdürrəhim əfəndinin dəstələri ilə birgə Digah  kəndi  yaxınlığında  “Qanlı dərə” adlanan  ərazidə  gedən  qızğın  döyüşlərdə erməni daşnak hərbi qüvvələrini darmadağın etmişlər.

1918-ci il erməni-bolşevik birləşmələri tərəfindən soyqırımı həqiqətlərini araşdırmaq məqsədilə yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının toplamış olduğu bir sıra sənəd və materialların əksəriyyətini şahid ifadələri təşkil edirdi:

Dindirmə protokolu 1918-ci il, 9 oktyabr Bakı şəhəri

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət Prosessual Məcəlləsinin 443-cü maddəsinə uyğun olaraq şahid qismində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir: Polkovnik Vladimir Konstantinoviç Olonqren, 54 yaşım var, Bakıda, Aşurbəyov qardaşlarının Kamenistaya və Qoqol küçələrinin tinindəki 205-32 №-li evində yaşayıram. Bu ilin mart ayının 19-da, bazar ertəsi səhər saat 5-ə yaxın Aşurbəyovların evinə zabit formasında iki erməninin başçılıq etdiyi 20-25 nəfər silahlı erməni əsgəri daxil oldu. Bu dəstə üçüncü mərtəbədən başlayaraq evin bütün mənzillərini bir-bir gəzməyə başladı. Əli bəy Aşurbəyovun mənzilinə girərək və orada Berdan tipli tüfəngin patronlarının olduğu yeşiyi taparaq, ermənilər, heç nəyi salamat qoymadan, bütün mənzili dağıtmağa başladılar: mebeli, güzgüləri, çilçıraqları, saatları və digər əşyaları qundaqlarla sındırdılar və qiymətli əşyaları talan etdilər. Zabitlərdən ortaboylu birisi Əli bəyin xəz kürkünü geyindi və onun üstündən bir neçə əsgərin köməkliyi ilə öz forma şinelini geyə bildi və çıxıb getdi. Bu zabiti, eləcə də onun ucaboylu və həddən artıq arıq yoldaşını görsəm, tanıya bilərəm. Əli bəy Aşurbəyovun bütün ev avadanlıqlarından yalnız onun xalçalarını xilas etmək mümkün oldu. Sonradan bu evə dəfələrlə dəstədəstə ermənilər soxulurdu və hər dəfə mən onları dilə tutmalı olurdum ki, mənzillərə girməsinlər. Əli bəyin mənzilinin talan edilməsində iştirak edən ucaboylu zabit bütün evə baxdığı və burada müsəlmanları tapmadığı barədə mənə kağız verdi. Bu kağızı evə gələn erməni dəstələrinə göstərməli olurdum və onlar mənzillərə girmədən evdən uzaqlaşırdılar. Oxundu. İmza. Polkovnik Olonqren. Fövqəladə Təhqiqat komissiyasının üzvləri: Andlı iclasçı Məmməd Xan Təkinski, Prokuror köməkçisi А.Kluge (imzalar) AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 14. Solmaz Rüstəmova-Tohidi –  Bakı. Mart 1918-ci il. Azərbaycan qırğınları sənədlərdə səh.250 https://soyqirim.az/books

"Mir Yaqub Mehdiyev"

Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından olan Mir Yaqub Mehdiyev 1891-ci ildə Bakının Xırdalan qəsəbəsində anadan olmuşdur. O, 1909-cu ildə Aleksandropol Kommersiya Məktəbini bitirdikdən sonra təhsilini Peterburq Politexnik İnstitutunun İqtisadiyyat fakültəsində davam etdirmişdir.
Kəndlilər İttifaqının və Bakı Müsəlman İctimai Təşkilatları Şurasının sədr müavini kimi ölkənin ictimai-siyasi həyatında yaxından iştirak edən Mir Yaqub Mehdiyev sonralar İttihad Partiyasının təşkilatçısı olmuş, partiyanın birinci və ikinci qurultaylarında Mərkəzi Komitə üzvü seçilmişdi. O, İttihad Partiyasını təmsil etməklə yanaşı Zaqafqaziya Seyminin üzvüdə seçilmiş və Zaqafqaziya Seyminin 1918-ci il 25 mart tarixli iclasında Cənubi Qafqazın müstəqil elan olunması tələbi ilə müsəlman fraksiyası adından ilk dəfə çıxış etmişdi.
1918-ci il mayın 26-da Zaqafqaziya Federasiyasının süqutundan sonra Azərbaycan Milli Şurasının üzvü olmuş, Milli Şuranın 1918-ci il noyabrın 19-da verdiyi “Azərbaycan Məclisi-Məbusanın təsisi haqqında qanun”una əsasən, seçkisiz Azərbaycan Parlamentinin tərkibinə daxil edilmiş və məclis üzvü kimi fəaliyyətə başlamışdır. Parlamentdə “İttihad” fraksiyasının üzvü olmuşdur. Mir Yaqub Mehdiyev Paris Sülh Konfransında (1919–1920) iştirak edən Azərbaycan nümayəndə heyətinin tərkibində yer almışdır. Eyni zamanda, Azərbaycanın müstəqilliyinin 1920-ci ilin yanvarın 11-də de-fakto tanınmasında da Mir Yaqub bəyin xidmətləri olmuşdur. Seym üzvü olarkən 1918-ci il mart hadisələrindən sonra ilk dəfə “Biz Rusiyadan ayrılıb müstəqil olmalıyıq “şüarını da ilk dəfə Mir Yaqub bəy səsləndirmişdi.
Mehdiyev 7 noyabr 1949-cu ildə Türkiyənin İstanbul şəhərində vəfat etmişdir. O, Feriköy məzarlığında dəfn edilmişdir.

"Əbdüləli Şirəli bəy oğlu Əmircanov"

1918-ci ilin martında Bakıda Türk-müsəlmanlara qarşı törədilən soyqırım zamanı minlərlə azərbaycanlının ölümdən xilas olunmasında, şəhərdə qırğının qarşısının alınmasında müstəsna xidmətlər göstərmiş Əbdüləli Şirəli bəy oğlu Əmircanov 1870-ci ildə şəhərində anadan olub. 1876–1883-də Şəki şəhər məktəbində təhsilini başa vuran Əbdüləli Əmircanov 1888-ci ildə Aleksandrovsk Müəllimlər İnstitutunu bitirib.
O, XX əsrin əvvəllərindən müəllim, dövlət idarələrində və müxtəlif şirkətlərdə mühasib işləmiş, mədəni-maarif cəmiyyətlərinin işində yaxından iştirak etmişdir.
1917-ci ildə Fevral inqilabından sonra Bakı Müsəlman İctimai Təşkilatlarının Müvəqqəti İcraiyyə Komitəsinin üzvü olan Əmircanov 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin ikinci hökumət kabinəsində maliyyə naziri, daha sonra dövlət nəzarətçisi olmuşdur. Həmin ilin 19 noyabrda Azərbaycan Milli Şurasının “Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun”na əsasən, Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinə seçilmişdir .
1920-ci ilin aprel işğalından sonra mühacirət etmiş, orada fəaliyyət göstərən Azərbaycan Milli Mərkəzinin üzvü olmuşdur. O, 1948-ci ildə vəfat etmişdi.

Mirzə Bala Məhəmmədzadə. "Əksinqilabçılar”

Mirzə Bala Məhəmmədzadənin “Əksinqilabçılar” hekayəsi 1918-ci il mart soyqırımına həsr edilmiş ilk bədii əsərdir. Yazıçı bu hekayəsi ilə Rusiyanın ideoloji təsiri altına düşmüş Azərbaycan ziyalısının soyqırımı faciəsini öz gözləri ilə görsə də, hadisələrdə öz yaxınlarını, əzizlərini itirsə də, yenə də qətlə yetirilənlərin “əksinqilabçılar” olduğunu söyləməsi, həqiqəti görə bilməkdə və dilə gətirməkdə çətinlik çəkməsi, problemin mahiyyətini dəyərləndirməkdə rus bolşeviki, erməni daşnakı kimi düşünməsi məsələsini qabartmış, nəticədə bu gün də aktual səslənən mükəmməl bir Hüseyn obrazı yaratmışdır.
Əsərdə yazılırdı: “Şamaxı hadisəsi Krım, Türküstan hadisələri kimi, Hüseyni o qədər düşündürmədi. Çünki müəqqəq (doğru) mənbələrdən aldığı məlumata görə, o türk ocaqlarında qırılanlar “əksinqilabçılar” idi. Fəqət indi isə Bakı həyəcanlı günlər keçirirdi. Şəhər od içində yanırdı. Pulemyot, top, tüfəng, qurşun səsi ilə paraxodların bombardmanı, cəmaətin qışqırığı, çoluq-çocuğun, qadın-qızların ah-fəryadı məhşəri anladırdı. Ölən, yanan, qaçan, çığıran, dağıdan, kəsən, kəsilən bir-birinə qarışmışdı… Dəstə ilə qadınlar, qızlar, qocalar başları açıq, ayaqyalın evdən-evə, küncdən-küncə qaçırdı. Bu nə üçün idi?! Bunlar türk-islamlar idi. Bunlar hürriyyət, muxtariyyət arzulayanlardı. Bunlar əsrlərlə əsarət, əziyyət, həqarətdən usanmış, daha insancasına yaşamaq arzu etmişlərdi. Ona görə cəzalanıblar. Əksinqilabçıdılar. Yəni “Velikorus” imperialistliyinə tabe olmaq istəməyirlər. Bilməm, bunları Hüseyn görürmü?!”

Məhəmməd Hadi - "Qəhrəman türk əsgərlərinə"

Azərbaycanın köməyinə gələn Qafqaz İslam ordusunun baş qərargahı Gəncədə yerləşirdi. Həmin dövrlərdə Gəncədə olan Məhəmməd Hadi onların Azərbaycana köməyini sevinclə qarşılamış və 1918-ci ildə
“Qəhrəman türk əsgərlərinə” şeirini burada yazmışdır.
Qorxmaz yürekli ərləriz,
Həp əsgər oğlu əsgəriz.
Türk oğlu qaçmaz hərbdən,
Qeyrətliyiz, cəngavəriz.
Türk milləti, türk milləti,
Qəhr etdi canlı zülməti.
Əlhəmdüillah parladı
Türkün hilalü şövkəti.

MƏMMƏD SƏİD ORDUBADİ “QANLI İLLƏR”

Ötən əsrin əvvəllərində erməni vəhşiliyinin canlı şahidi olmuş Məmməd Səid Ordubadi tarixi faktlar və dərin müşahidələr əsasında “Qanlı illər”adlı kitab yazmışdır. Yazıçı bu əsərində 1905-1906-cı illərdə Qafqazda baş verən erməni-müsəlman qırğınlarından, eləcə də ermənilərin Azərbaycan ərazilərində insanlara qarşı törətdiyi faciələrin, ağlagəlməz işgəncələrin, talanların şahidi olmuş 245 nəfərin ifadələri əsasında qələmə almışdır. Ordubadi azərbaycanlıların onlara məxsus dədə-baba ocağında ermənilərin insanlığa sığmayan vəhşilikləri barədə erməni xəyanətini, dəhşətini olduğu kimi əks etdirən “Qanlı illər” əsərində namərd qonşularımızın necə hiyləgər, bəd əməl, qaniçən, türk qanına susamış cani olduqlarını törətdikləri fəlakət və bəlalarla səciyyələndirib.
Hələ çar senzurasının hökm sürdüyü bir dövrdə erməni daşnaklarının onlara söykənərək həyata keçirdiyi soyqırımı barədə fakt və şahidlərin söylədikləri hadisələrin əsasında yazan Ordubadi bu əsəri 1908-ci ildə tamamladı. Təəssüf ki, fakt və dəlillər əsasında yazılan bu kitabın taleyi bəd gətirdi. Həqiqətləri açıq-aydın dediyinə və bu milli cəsarətinə görə ermənilərin güdazına gedən Məmməd Səid Ordubadi 1914-cü ildə Culfada həbs edilərək Rusiyanın Saritsin (Volqoqrad) şəhərinə sürgün olundu.

Azərbaycan Xalq Cümhuriyyətinin hökumət başçılarından biri, görkəmli dövlət və siyasi xadimi Nəsib bəy Yusifbəyli 1881-ci ildə Gəncədə ziyalı ailəsində dünyaya gəlmişdir.

Rusiya Müəssislər məclisinə nümayəndə seçilən, lakin 1917-ci ildə oktyabr çevrilişi baş verdiyi üçün Petroqrada gedə bilməyən Yusifbəyli Zaqafqaziya seyminin yaradılmasında fəal iştirakı olmuşdur. 1918-ci il aprelin 22-də elan olunan Zaqafqaziya Demokratik Federativ Respublikası hökumətində maarif naziri vəzifəsini tutaraq milli siyasətin ən çətin və ən məsul vəzifələrini icra etmişdir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Fətəli Xan Xoyskinin təşkil etdiyi 1-ci hökumət kabinəsində Yusifbəyli maliyyə və xalq maarifi naziri vəzifəsini, daha sonra Xoyskinin 2-ci və 3-cü hökumət kabinələrində də xalq maarifı və dini etiqad naziri vəzifələrini tutmuşdur.
Bakı Dövlət Universitetinin yaradılması, 100 nəfərə yaxın azərbaycanlı gəncin Avropanın müxtəlif ali məktəblərinə göndərilməsi, torpaq islahatları haqqında qanun layihəsinin, eləcə də məktəb dərsliklərinin hazırlanması və nəşri, savadsızlıqla mübarizə kurslarının açılması və s. Yusifbəyli hökuməti dövrünün mühüm hadisələri sırasındadır. Bundan əlavə hökumətin qəbul etdiyi son qərarlardan biri də hərbi ordenlərin, milli himnin, dövlət gerbi və möhürü layihələrinin hazırlanması haqqında 1920-ci il 30 yanvar tarixli qərar idi.
Azərbaycan xalqının tarixində ən mühüm hadisə 1920-ci il yanvarın 11-də Azərbaycanın istiqlaliyyətinin böyük dövlətlər tərəfindən de-fakto tanınması müjdəsini yanvarın 14-də Nəsib bəy Yusifbəyli Azərbaycan xalqına çatdırmışdır.
Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti öz planlarını axıra qədər həyata keçirə bilmədi. Bakının 11-ci Qırmızı ordu tərəfindən işğalından sonra təqibdən yaxa qurtarmaq məqsədilə şəhəri tərk edən Nəsib bəy Yusifbəyli 1920-ci il, may ayının 31-də yolda faciəli surətdə qətlə yetirildi.