“Mədəni irsimiz: dünən bu gün – Qarabağ abidələri” adlı sərgi təşkil olunub. / 22 May, 2026
2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” çərçivəsində , Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin təşəbbüsü, Quba RİH-i və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin dəstəyi ilə Quba rayonunun I Nügədi, Zizik, İqriq, Alekseyevka kənd məktəbləri, Zərdabi qəsəbəsi, eləcə də Quba Peşə Liseyində “Mədəni irsimiz: dünən bu gün – Qarabağ abidələri” adlı sərgi təşkil olunub. Təşkil olunan sərgilərdə təhsil müəssisələrinin rəhbər heyəti, eləcə də müəllim və şagirdləri iştirak edib. Sərginin açılışında çıxış edən Kompleksin əməkdaşı Abutalib Turabov Kompleksin fəaliyyəti haqqında ətraflı danışaraq, təşkil olunan sərginin mədəni irsimizin bərpası və qorunması istiqamətində gənclərimizin maarifləndirilməsi üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Daha sonra Kompleksin mütəxəssisləri Səriyyə Abidova, Zərifə Əlirzayeva, İslam Aslanov, Emin Ulubəyov, Orxan Hüseynov və Tərlan Məmmədov çıxış edərək vurğulayıblar ki, ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpasına dövlət tərəfindən diqqət və qayğı göstərilir. Bundan əlavə, Azərbaycanın zəngin mədəni irsinin qorunması məqsədilə ölkəmizdə yerləşən yüzlərlə tarix-mədəniyyət abidəsində bərpa-konservasiya və yenidənqurma sahəsində aparılan işlər durmadan artır. Buna misal olaraq Qarabağda, işğaldan azad edilən ərazilərdə bərpa və quruculuq işləri sistemli və layihələndirilmiş şəkildə həyata keçirilir. İşğal dövründəki dağıdılan abidələrin bərpası yalnız bir tikinti prosesindən ibarət deyil. Bu həm də xalqımızın kimliyini bərpa etməsi, itirilmiş dəyərləri yenidən əldə etməsi deməkdir. Hər bir abidə, hər bir daş bir xatirədir. Bu abidələrin bərpası keçmişimizi unutmamağı, gələcəyimizi isə daha möhkəm və güclü qurmağı öyrədir.
Sonda sərgi iştirakçılarını maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edək ki, təşkil olunmuş sərgilərdə 250-dən çox insan maarifləndirilmişdir.
Paylaş