XIX əsrdə Quba qəzasında 7 körpü olsa da, günümüzə qədər gəlib çıxan yalnız Tağlı körpü olmuşdur. Qubanın Qırmızı qəsəbəsini şəhərin mərkəzi ilə birləşdirən Tağlı körpü memarlıq abidəsi kimi dövlətin mühafizə etdiyi abidələr siyahısına daxil edilmişdir. Körpünün inşasına 1894-cü ildə başlanılmışdır. Bundan əvvəl isə onun yerində dirəklər üzərində salınmış taxta körpü mövcud idi. Həmin körpünün salınması isə 1851-ci ilə təsadüf edir. Tarixi görünüşü saxlanılmaqla Tağlı körpü 2012-2013-cü illərdə əsaslı şəkildə bərpa olunmuşdur.