Aza körpüsü Ordubad rayonunun eyni adlı kəndində, Gilançayın üzərində yerləşən XVII əsrə aid memarlıq abidəsidir. Hindistanı və Çini Qara dəniz sahilləri və Avropa ölkələri ilə birləşdirən mühüm ticarət-karvan yolu üstündə yerləşən Aza körpüsü Böyük İpək yolu ilə şərqdən qərbə və əksinə hərəkət edən ticarət karvanlarının işini asanlaşdırmaq üçün Səfəvi hökmdarı I Şah Abbasın zamanında (1587-1629) inşa etdirilmişdir. Qırmızımtıl rəngli yerli dağ daşından inşa edilmiş, beş aşırımlı körpünün eni 3,5m, uzunluğu 46 paqonometrdir. Körpü inşa edilərkən yerləşdiyi ərazi nəzərə alınmış, tağlar arasındakı məsafə müxtəlif ölçülərdə qoyulmuşdur. Buradan keçən ticarət karvanları ilə yerli məhsullar, o cümlədən quru meyvələr, sənətkarlıq məhsulları, ipək ixrac olunurdu. Əsrlər boyu baş verən təbii fəlakətlər və bəzi tarixi hadisələr nəticəsində körpü dəfələrlə dağılmış, sonralar təmir edilmişdir. Güclü sel suları körpünün bir hissəsini yuyub dağıtdığından 1997-ci ildə əsaslı şəkildə bərpa olunmuş və yenidən qurulmuşdur. Hazırda Naxçıvandan və Ordubaddan Azadkəndə gedən əhali və nəqliyyat vasitələri bu körpüdən istifadə edir.