Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin müstəqillik illərində əldə edilmiş naliyyətlərin dərindən öyrənilməsi məqsədilə keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Səlyan, Şirvan, Şuşa, Zəngilan, Nefçala, Lerik, Yardımlı, Yevlax, Lənkəran və Astara rayonlarının məktəbliləri Qubaya səfər ediblər. Səfər çərçivəsində aksiya iştirakçıları 16-17 mart 2018-ci il tarixlərində Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmişlər. Kompleksin direktoru Rəxşəndə Bayramova ziyarətçiləri salamlayaraq, belə ekskursiyaların məktəblilərin dünya görüşlərinin artmasında, tariximizin yaxından öyrənilməsində böyük rol oynadığını vurğuladı. Daha sonra Kompleksin bələdçiləri məktəblilərə XX əsrin əvvəllərində Azərbaycan torpaqlarında cinayətkar erməni hərbi dəstələri tərəfindən törədilmiş soyqırımı hadisələri və muzeyin ekspozisiyalarında əks olunmuş Bakı, Şamaxı, Göyçay, Cavad, Quba və digər qəzalarda kütləvi surətdə qətlə yetirilmiş insanların, dağıdılıb məhv edilmiş kəndlərin, milli mədəniyyət abidələrinin foto şəkilləri və sənədləri haqqında ətraflı məlumat vermişlər. Məktəblilər həmçinin faciə qurbanlarının xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri qoymuşlar.