• office@soyqirim.az
  • (023)335-37-07
Bakı Biznes Universitetində “Mədəni İrsimiz – Dünən və Bu Gün” Mövzusunda Tədbir Keçirilib. / 17 Dekabr, 2024
Bakı Biznes Universitetinin “Humanitar Elmlər” kafedrası və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin birgə təşkilatçılığı ilə “Mədəni İrsimiz – Dünən və Bu Gün” mövzusunda tədbir keçirilib. Tədbir birinci Qarabağ müharibəsi və sonrakı dövrlərdə işğal altında olmuş Azərbaycan ərazilərindəki tarixi, mədəni və dini abidələrə qarşı törədilən vandalizm aktlarını ictimaiyyətə çatdırmaq, xüsusilə Qarabağ bölgəsinin işğaldan azad olunmuş ərazilərindəki abidələrin keçmişi və bugünkü vəziyyətini nümayiş etdirmək məqsədilə təşkil olunub.
Tədbiri giriş sözləri ilə açan BBU-nun Humanitar Elmlər kafedrasının rəhbəri professor Sabir Əmirxanov mədəni irsin qorunmasının önəmini vurğulayaraq tədbirin işinə uğurlar arzulayıb. Daha sonra Soyqırımı Memorial Kompleksinin əməkdaşı Nazilə Məmmədova fəaliyyəti, məqsəd və funksiyaları barədə tədbir iştirakçılarına məlumat verib. O, Kompleksin yalnız tarixi faktları qorumaqla kifayətlənməyib, həm də müasir dövrdə bu məlumatların necə saxlanılması və gələcək nəsillərə təqdim olunmasını diqqətə çatdırıb Tədbirdə həmçinin tarixçi alimlər, tələbələr və mədəniyyət xadimləri iştirak ediblər. Belə ki, AMEA-nın Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Soyqırımı Memorial Kompleksinin mütəxəssisi tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı “Erməni təcavüzü zamanı dağıdılmış Azərbaycanın tarixi və maddi-mənəvi irsi” mövzusunda məruzə edib. O, Azərbaycanın zəngin mədəni irsinin erməni işğalı nəticəsində necə dağıdıldığını və bu irsin bərpası üçün atılan addımları diqqətə çatdırıb. F.ü.f.d., Məhsəti Cəfərova “Müasir dövr və milli mənəvi dəyərlərimiz” mövzusunda çıxış edərək, müasir dövrdə milli mənəvi dəyərlərimizin qorunmasının vacibliyini vurğulayıb. K.e.d.prof. İlqar Hüseynov “Qarabağın tarixi mədəniyyət abidələrinə qarşı erməni vandalizmi” adlı məruzəsində Qarabağda ermənilərin törətdikləri mədəni və tarixi soyqırımı əməllərini detallı şəkildə təqdim edib. T.f.d. Aygün Kamandari “İrəvan xanlığının zəngin maddi və mənəvi mədəniyyət tarixi” mövzusunda çıxış edərək, İrəvanın tarixdəki əhəmiyyətini və oradakı mədəni irsin qorunmasının vacibliyini izah edib.
Daha sonra çıxış edən tələbələr 1918-ci ildə baş vermiş soyqırımı hadisələrinin Azərbaycan xalqının mədəni irsinə necə təsir etdiyini və bu hadisələrin tarixi əhəmiyyətini qeyd ediblər. Tədbirdə 100-ə yaxın tələbə iştirak edib.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş

Spread the love