“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində şimal bölgəsinə səfər edən Zərdab, Xocavənd, Hacıqabul, Cəbrayıl, Cəlilabad, Masallı və Biləsuvar rayonlarının məktəbliləri Quba rayonunun görməli yerləri ilə tanış olublar. Səfər çərçivəsində 27-28 mart 2018-ci il tarixlərində Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmişlər. Kompleksin bələdçiləri aksiya iştirakçılarına erməni vandallarının Azərbaycan torpaqlarında törətdikləri soyqırımları haqqında ətraflı məlumat vermişlər. Məktəblilərin diqqətinə çatdırılıb ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprel ayında ərazidə torpaq işləri görülərkən aşkar edilmiş, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılmışdır. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilmişdir. Sonda məktəblilər faciə qurbanlarının xatirəsinə ucaldılan abidə önünə gül dəstələri qoymuşlar.