Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Xaçmaz və Quba rayon Komitələrinin və Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinin birgə təşkilatçılığı ilə 1918-ci il azərbaycanlıların soyqırımının 107-ci ildönümü ilə əlaqədar olaraq tədbir təşkil olunub. / 28 Mart, 2025
Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra Azərbaycanlılara qarşı törədilən soyqırımları özündə əks etdirən sənədli film nümayiş olundu. Kompleksin Elmi Araşdırmalar, Ekspozisiya və Fond şöbəsinin müdiri Lətafət Beybutovanın moderatorluğu ilə keçirilən tədbirdə çıxış edən Kompleksin direktoru Dr.Rəxşəndə Bayramova XX əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilmiş soyqırımlar, eləcə də kompleksin fəaliyyəti haqqında ətraflı məlumat vermişdir. Çıxış edən natiqlər – Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Xaçmaz və Quba rayon Komitələrinin sədrləri Qərib Umudov, Məhərrəm Hacıyev, Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Pakizə Mehdiyeva, əməkdar jurnalist Azər Həsrət və Kompleksin direktor müavini Mehriban Əliyeva Soyqırımı Memorial Kompleksinin erməni vandalizmini dünya ictimaiyyətinə təbliğ olunmasında xüsusi rol oynadığını qeyd edərək bildirdilər ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açıldı. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi.
Sonda mövzu ətrafında müzakirələr aparıldı.
Paylaş