Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” və Quba rayon Təhsil şöbəsi tərəfindən hazırlanan silsilə tədbirlər planına əsasən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 01.03.2018–ci il tarixindən başlayan təbliğat və təşviqat xarakterli tədbirlər Qubanın şəhər və kənd məktəblərində təşkil edilmişdir. Sözü gedən tədbirlərin yekunu olaraq 28.03.2018-ci il tarixində Kompleksdə fəal məktəblilərin iştirakı ilə rəsm sərgisi və şer müsabiqəsi keçirilmişdir. Tədbirdə Quba şəhərinin 1,2,4,5 nömrəli tam orta məktəbliləri, İqriq, II Nügədi, Zizik, Hacı Hüseynli kənd tam orta məktəbliləri, Texniki Təmayüllü lisey və Uşaq Yaradıcılıq Mərkəzinin şagirdləri iştirak etmişlər. Giriş sözü ilə çıxış edən “Soyqırımı Memorial Kompleksi”nin direktoru Rəxşəndə Bayramova müəllim və şagirdləri salamlayaraq belə tarixi məzmunlu tədbirlərin keçirilməsinin gənc nəslin milli şüurunun formalaşdırılmasında müstəsna rolu olduğunu qeyd etdi. Sərgidə məktəblilər məzmun və mahiyyət etibarı ilə xalqımızın mübariz əzmini, faciənin dəhşətlərini və son yüz ildə ermənilər tərəfindən törədilən qanlı faciələrin təsviri əks olunmuş rəsm işlərini təqdim etmişlər. Daha sonra fəal şagirdlərdən İqriq kənd tam orta məktəbinin VIII sinif şagirdi Babayeva Səbinə, Texniki Təmayüllü liseyinin VIII sinif şagirdi Mirzəyeva İlqarə, Quba şəhər 1№ li tam orta məktəbin V sinif şagirdi Niyazov Səyyad və digər məktəblilər müxtəlif həcmdə şerlər səsləndiriblər. Onların çıxışları Münsiflər heyəti tərəfindən dinlənilib, istedadı ilə seçilənlər bəyənilmişdir. Kompleksin Elmi Araşdırmalar, ekspozisiyası və fond şöbəsinin müdiri Lətafət Beybutova fərqlənən şagirdlərə xatirə kitab və bukletləri təqdim etmişdir.