"Müqəddəs Ailə Məbədi"

Barselona şəhərinin ən məşhur memarlıq abidələrindən biri olan Sagrada Família-yəni Müqəddəs Ailə Məbədi İspaniya memarlıq tarixində və ümumiyyətlə dünya memarlığında xüsusi yer tutur. Bu qeyri-adi və möhtəşəm məbədin müəllifi dünyaca tanınmış kataloniyalı memar Antoni Gaudidir. O, “Sagrada Família”nı ömrünün ən böyük və mənəvi layihəsi kimi qəbul etmiş və həyatının son 15 ilini yalnız bu layihəyə həsr etmişdi.
1882-ci ildə tikintisinə başlanmış bu məbəd hal-hazırda da tamamlanmamışdır. Gaudinin ölümündən sonra tikinti prosesi onun orijinal eskizlərinə əsasən davam etdirilib. Maraqlıdır ki, bu gün də məbədin tikintisi ianələr və xeyriyyə vəsaitləri hesabına aparılır. Əsas məqsəd məbədi 2026-cı ildə, yəni Gaudinin vəfatının 100-cü ildönümündə tamamlamaqdır.
Sagrada Família memarlıq baxımından tamamilə unikaldır. Gaudi burada təbiətdən ilham alaraq heykəltəraşlığı, riyaziyyatı və dini simvolları bir araya gətirib. Məbədin üç əsas fasadı vardır: Doğum fasadı, Əzab fasadı və Şöhrət fasadı. Hər biri İsa Məsihin həyatının müəyyən mərhələlərini təsvir edir. Məbəddə planlaşdırılmış 18 qüllə var – onlardan 12-si həvariləri, 4-ü İncil müəlliflərini, biri Məryəmi, ən hündür qüllə isə İsa Məsihi simvolizə edir.
İçəridəki interyer də eyni dərəcədə heyrətamizdir. Gaudi məbədin sütunlarını ağac gövdələrinə bənzədərək interyeri sanki bir meşə kimi dizayn etmişdir. Gün işığı şüşəbəndlərdən keçərək daxildə rəngarəng və mistik bir ab-hava yaradır.
2010-cu ildə Roma Papası XVI Benedikt tərəfindən “Sagrada Família” bazilika statusu almış və müqəddəs ibadət məkanı elan edilmişdir. 2005-ci ildən etibarən isə UNESCO tərəfindən Dünya İrsi siyahısına daxil edilmişdir. Sagrada Família yalnız dini inancın və sənətkarlığın təcəssümü deyil, həm də insan ruhunun nə qədər möhtəşəm işlərə imza ata biləcəyinin sübutudur. Bu möhtəşəm tikili hər il milyonlarla turistin diqqətini cəlb edir və Barselonanın rəmzinə çevrilib.
Paylaş