Qız Qalası
Bakının ən qədim və sirli abidələrindən biri sayılan Qız Qalası həm tarixi, həm də memarlıq baxımından xüsusi əhəmiyyət kəsb edir. Hündürlüyü 28 m qala İçərişəhərin (Bakının qədim qala divarlarının) cənub-şərq hissəsində yerləşir. Qız Qalasının inşa olunma tarixi XII əsrə aid edilir. Bu fikrin əsas səbəbi qala üzərindəki kufi yazılı daşdır. Sözügedən yazıda “Məsud ibn Davud qübbəsi” ifadəsi qeyd olunur. Lakin daşın sonradan qala divarına yerləşdirildiyi də ehtimal olunur. Çünki onun mövqeyi təsadüfidir – əsas girişin üzərində deyil, hörgünün yan hissəsində və yer səthindən təxminən 14 metr hündürlükdədir. Tədqiqatçılar hesab edirlər ki, bu daş əslində qəbirüstü piltə olmuş, sonrakı təmir zamanı qala pəncərələrindən birini bağlamaq üçün istifadə edilmiş və ya bərpada iştirak edən ustanın adı kimi qalanın divarına yerləşdirilmişdir.
Digər bir nəzəriyyəyə əsasən, Qız Qalası daha qədim dövrlərə – Zərdüştilik mərhələsinə gedib çıxır. Bu baxımdan abidə zərdüşt daxması və ya atəşpərəstlik məbədi kimi dəyərləndirilir. Araşdırmalara görə, qala e.ə. VIII–VII əsrlərdə Kaspiana və Midiyanın bürclü məbədlərinin təsiri ilə, Xəzər dənizi sahilində, “Atəşi Baquan” adlanan qədim od şəhərində inşa edilə bilərdi. Başqa bir alimlər qrupu isə Qız Qalasının memarlıq xüsusiyyətlərini Çıraqqalaya və Gilgilçay müdafiə sisteminə bənzədərək onun V–VI əsrlərə aid ola biləcəyini iddia edir. Bu yanaşmaya əsasən, qala Sasani imperiyası dövründə Qafqaz Albaniyası ərazisində mövcud olmuş müdafiə sisteminin tərkib hissəsi ola bilərdi.
Əsrlər ərzində müxtəlif müharibələr və dağıntılar nəticəsində zərər görən Qız Qalası dəfələrlə bərpa edilmişdir. Orta əsrlərdə qala Bakı qala divarları ilə birlikdə şəhərin müdafiəsində mühüm rol oynamışdır. Tikili XIX əsrin ortalarında rus hərbçiləri tərəfindən, sonuncu dəfə isə 1960-cı illərdə əsaslı şəkildə bərpa olunmuşdur.
1964-cü ildən etibarən muzey kimi fəaliyyət göstərən Qız Qalası, 2000-ci ildə UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmişdir. Bu abidə həm də Azərbaycanın rəmzlərindən biri olaraq, müxtəlif dövrlərdə milli pul əskinaslarının üzərində təsvir edilmişdir.
Paylaş