Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin və Nardaran Tarix-mədəniyyət Qoruğunun təşkilatçılığı ilə 2025-ci il Konstitusiya və Suverenlik ili çərçivəsində “20 sentyabr zəfəri bu torpaqlarda əbədi varlığımızın təsdiqidir” adlı vebinar keçirilib. / 2 Dekabr, 2025
Giriş sözü ilə çıxış edən Kompleksin direktor müavini Mehriban Əliyeva Azərbaycan xalqının mübarizə əzmini, torpağa bağlılığını və tarixi ədalətin bərpası uğrunda göstərdiyi siyasi iradəni xüsusi vurğulayaraq, bu zəfərin gələcək nəsillər üçün də mühüm örnək olduğunu qeyd edib. Daha sonra çıxış edən Milli Müdafiə Universitetinin tabeliyində olan Hərbi Kollecinin müəllimi, Bakı Qızlar Universitetinin baş müəllimi doktorant Tural Vəlizadə 20 sentyabr zəfərinin milli dövlətçilik ənənələrimizin möhkəmlənməsində mühüm mərhələ olduğunu, bu tarixi hadisənin Azərbaycanın suverenlik yolunda dönüş nöqtəsi kimi dəyərləndirilməli olduğunu vurğulayıb.
Daha sonra Nardaran tarix-mədəniyyət qoruğunun əməkdaşı Aytən Əliyeva 20 sentyabr zəfərinin təkcə siyasi yox, həm də mədəni və mənəvi müstəvidə xalqımızın birliyini, tarixi yaddaşının gücünü nümayiş etdirdiyini bildirərək, bu kimi tədbirlərin gənc nəsildə milli kimlik şüurunun formalaşmasına mühüm töhfə verdiyini qeyd etmişdir.
Vebinarda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeçiliyində fəaliyyət göstərən qoruqların ümumilikdə 30-a yaxın əməkdaşı iştirak edib.