Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının təşəbbüsü və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin təşkilatçılığı ilə Özbəkistan Respublikasının Məktəbəqədər və Məktəb Təhsil Nazirliyinin tabeliyində olan pedaqoji bacarıqlar mərkəzlərinin rəhbər və əməkdaşları “Soyqırımı Memorial Kompleksi”ndə “Muzey və Qoruqların Gənc Nəsilin Maarifləndirilməsində Rolu” adlı təlimdə iştirak ediblər. Təlim iştirakçıları ilk olaraq Memorial Kompleksin muzeyi ilə yaxından tanış olublar. Daha sonra kompleksin direktor müavini Mehriban Əliyeva çıxış edərək qonaqları salamlayıb və kompleksin fəaliyyəti, məqsədi və maarifləndirici missiyası barədə ətraflı məlumat verib. O bildirib ki, iki ölkə arasında iqtisadiyyat, nəqliyyat və humanitar sahələrdə qarşılıqlı əməkdaşlıq çərçivəsində birgə layihələrin sayı durmadan artır və bu münasibətlər xalqlar arasında bağları daha da möhkəmləndirir. Çıxış edən digər natiqlər Azərbaycan–Özbəkistan münasibətlərinin qədim tarixə malik olduğunu və ölkələrimiz arasında tarixən sıx mədəni əlaqələrin mövcudluğundan danışıblar. Tədbirin sonunda iştirakçılara təlimdə iştirakına görə sertifikatlar təqdim olunub.