• office@soyqirim.az
  • (023)335-37-07
İnteryeri

Abidə-muzeyin ekspozisiyasında 1918-ci il mart-iyul aylarında Bakı quberniyasının 5 qəzasında – Bakı, Şamaxı, Quba, Cavad və Göyçayda müsəlman əhalinin soyqırımı tarixi öz əksini tapıb.

19 bölmədən ibarət muzey ekspozisiyası Azərbaycan, rus və ingilis dillərində təqdim olunur.Ekspozisiya 1918-ci il hadisələri ərəfəsində dinc Quba həyatını əks etdirən foto-şəkillərlə başlayır. Burada qədim Quba həyatını, dinc, yanaşı yaşayan azərbaycanlı, ləzgi, yəhudi və digər xalqların nümayəndələrini, müxtəlif sosial təbəqələrə aid insanları əks etdirən şəkillər sərgilənir.

Ekspozisiya unikal arxiv sənədləri ilə zəngindir. Burada 1918-ci ilin qanlı hadisələrindən sonra cinayəti tədqiq etmək üçün Azərbaycan Xalq Cümhuriyyətinin Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqda qərarı və komissiyanın sənədləri, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin ərazisini əks etdirən xüsusi məzmunlu xəritə, ümummilli lider Heydər Əliyevin soyqırım haqqında sərəncamı təqdim olunur.

Müxtəlif qəzalarda baş vermiş soyqırımlar zamanı kütləvi şəkildə xüsusi qəddarlıqla öldürülmüş insanların əksəriyyəti yandırılıb, dənizə, quyulara atılıb və bu səbəbdən onları dəfn etmək mümkün olmayıb. Zalın mərkəzində belə qurbanların xatirəsinə qara mərmər daş ucaldılıb.

Muzey Kompleksdə məlumat mərkəzi, zəngin kitabxana, kompüterlərlə təmin olunmuş oxu zalı fəaliyyət göstərir. Kompleksin ərazisində Azərbaycanın Respublikasının Dövlət Bayrağı ucaldılıb. Geniş həyətyanı sahədə Qubanın rəmzi olan alma ağaclarından ibarət bağ salınıb.

Muzeydə hər bir qəzanın tarixi faciəsi ayrı-ayrı bölmələrdə zəngin foto, arxiv sənədləri, statistik məlumat və diaqramlarla verilir. Bütün informasiya üç dildə, hər bölmənin qarşısında quraşdırılan elektron məlumat bazasında öz əksini tapıb.

Quba soyqırımını əks etdirən sənədli film zalda davamlı olaraq nümayiş etdirilir. Ekspozisiyanı müasir incəsənət nümunəsi – nəhəng metal lövhə üzərində əks olunmuş insan sifətləri tamamlayır. Bu, tarixin qan yaddaşına hopan hadisələrə bu günün baxışı, çağdaş dövrün münasibəti kimi dəyərləndirilir.

Zalın çıxışı 1918-ci ildə Qafqaz İslam Ordusu tərəfindən Bakının azad edilməsini əks etdirən foto-şəkillərlə tamamlanır.

Paylaş

Spread the love