Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin təşəbbüsü, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”, Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Və Gürcüstan Qafqaz İrs Araşdırma İntitutunun təşkilatçılığı ilə 2 gün 13-14 sentyabr tarixlərində keçirilmiş “Tarixi Yerlər və Abidələr I Beynəlxalq Quba Simpoziumu”nda 5 ölkədən 50-ə qədər alim və tədqiqatçı iştirak etmişdir. Simpoziumun keçirilməsinin əsas məqsədi regionlarda mədəni irsi, memarlıq və xatirə abidələri, qədim şəhərləri və insanların həyat tərzini araşdıran alim və tədqiqatçıları bir araya gətirmək olmuşdur.
Daha sonra, Kompleksin muzeyində plenar iclas başlanmışdır.
Plenar iclasın gedişatı: İlk öncə Azərbaycan Respublikasının himni səslənmiş, ardınca isə şəhidlərin əziz xatirəsi yad edilmişdir. İclası giriş sözü ilə Soyqırımı Memorial Kompleksinin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova açıq elan edərək Simpoziumun iştirakçılarını salamlamış və Simpoziumun işinə uğurlar arzulamışdır.
Ardınca çıxış üçün söz Quba Rayonu İcra Hakimiyyəti Başçısının humanitar məsələlər üzrə müavini Səidə Abbasovaya, Tarix elmləri doktoru, professor Solmaz Tohidiyə verilmişdir. Daha sonra tanınmış Nəsimi və Hürufilik tədqiqatçısı Prof.Dr.Fatih Usluer məruzə ilə çıxış etmişdir. Xatırladaq ki, 2019-cu ili Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq “Nəsimi ili” elan edilmişdir.
2 gün ərzində keçirilən Beynəlxalq Simpoziumda Azərbaycan, Türkiyə, İtaliya, Gürcüstan və digər müxtəlif xarici ölkələrdən olan alimlərin məruzələri dinlənilmişdir. Simpozium qonaqların “Soyqırımı Memorial Kompleksi” və Quba ilə tanışlığından sonra yekunlaşmışdır.