02.05.2017-ci ildə İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani, səfirliyin müşaviri Meta Pervonqo və digər rəsmilər Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı ziyarət etmişlər. İndoneziyalı qonaqların diqqətinə çatdırılıb ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar olunub. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.