“İstedadlı Əlillər” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əlilliyi olan şəxslər üçün mədəni turların təşkili” layihəsi çərçivəsində Qubada növbəti tədbirini keçirib.

Təşkil olunan tədbir çərçivəsində iştirakçılar üçün mədəni tur və konsert proqramı keçirilib. Qonaqlar Qubanın tarixi və mədəni məkanları ilə tanış olub, bölgənin zəngin tarixi-mədəni irsi haqqında məlumat əldə ediblər. Tədbir iştirakçıları həmçinin Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni də ziyarət ediblər. Ziyarətçilərə 1918-ci il hadisələri və kompleksin fəaliyyəti haqqında ətraflı məlumat verilib. Qeyd edək ki, tədbirin əsas məqsədi əlilliyi olan şəxslərin sosial və mədəni həyata fəal inteqrasiyasına dəstək olmaq, onların asudə vaxtının səmərəli təşkilini təmin etmək, yaradıcılıq və bacarıqlarını nümayiş etdirmələri üçün imkan yaratmaq, eləcə də inklüzivliyin cəmiyyətdə təşviqinə töhfə verməkdir.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva Azıx mağara düşərgəsində beynəlxalq ekspedisiya tərəfindən aparılan arxeoloji qazıntı işləri ilə tanış olub.

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun böyük elmi işçisi, Qarabağ Universitetinin nəzdində fəaliyyət göstərən Azıx arxeoloji tədqiqat və analiz laboratoriyasının müdiri Əjdər Babazadə 2023-cü ildən fəaliyyətə başlayan beynəlxalq ekspedisiyanın fəaliyyəti, ərazidə aşkar olunan maddi-mədəniyyət nümunələri haqqında ətraflı məlumat verib.
Qeyd olunub ki, qazıntılar zamanı “Total Station”, GPS və 3D modelləşdirmə kimi müasir texnologiyalardan istifadə olunur, bütün məlumatlar vahid Arxeoloji İnformasiya Sistemində toplanır.
Azıx mağarasında aparılan hazırkı tədqiqatların əsas elmi əhəmiyyəti qazıntıların rəqəmsal sənədləşdirilməsi, laboratoriya analizlərinin aparılması, paleoekoloji rekonstruksiya, beynəlxalq elmi əməkdaşlıq və yerli kadr hazırlığının vahid tədqiqat proqramında birləşdirilməsindən ibarətdir.
Davam edən tədqiqatlar nəticəsində əldə olunacaq yeni elmi məlumatların Azıx mağarasının Paleolit dövrünə dair xronoloji və mədəni xüsusiyyətlərinin daha dəqiq müəyyənləşdirilməsinə, Cənubi Qafqazda qədim insanın məskunlaşması və yaşayış mühitinə dair elmi təsəvvürlərin genişləndirilməsinə, habelə Azıx mağarasının dünyanın ən qədim insan məskənləri kontekstində elmi əhəmiyyətinin daha dərindən və hərtərəfli qiymətləndirilməsinə mühüm töhfə verəcəyi gözlənilir.
Qeyd edək ki, Azıx mağarasında Azərbaycan-Almaniya birgə ekspedisiyası artıq 3-cü ildir davam edir. AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu ilə Almaniyanın Leiza İnstitutunun arasında imzalanmış memorandum çərçivəsində aparılan tədqiqatlarda Portuqaliya, Böyük Britaniya, ABŞ, Türkiyə, Fransa və digər ölkələrdən mütəxəssislər iştirak edir.

Türkiyə Respublikası Daxili İşlər Nazirliyi Jandarma Baş Komandanlığının “Soyqırımı Memorial Kompleksi”nə ziyarəti

Türkiyə Respublikası Daxili İşlər Nazirliyi Jandarma Baş Komandanlığının nümayəndə heyəti, həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının zabit heyəti Quba şəhərində yerləşən “Soyqırımı Memorial Kompleksi”ni ziyarət ediblər.

Qonaqlara kompleksin bələdçiləri tərəfindən Soyqırımı Memorial Kompleksinin fəaliyyəti və tarixi hadisələr haqqında məlumat verilib. Ziyarətin sonunda qonaqlara bukletlər təqdim olunub.

2026-cı ilin birinci yarısında mədəni irsin qorunması və idarə olunması sahəsində görülən işlər

 

Daşınar mədəni irsin qorunması istiqamətində görülən tədbirlər nəticəsində 880 eksponat bərpa-konservasiya edilib, 362 eksponat üzrə isə müvafiq işləri davam etdirilir. Arxeoloji irsin öyrənilməsi məqsədilə 24 arxeoloji ekspedisiyanın aparılmasına icazə verilib, həyata keçirilən arxeoloji qazıntılar nəticəsində isə 636 artefakt aşkar edilərək müvafiq tədbirlər görülüb.
Hesabat dövründə 3134 ədəd mədəni sərvətin ixracına dair mühafizə şəhadətnamələri və 122 muzey əşyaları və kolleksiyaların müvəqqəti ölkədən kənara çıxarılmasına icazə verilib. İxracı nəzərdə tutulan 65 mədəni sərvət üzrə isə ekspertizalar təşkil olunub.
2026-cı ilin birinci yarısında Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən muzey və qoruqlara ümumilikdə 463 965 nəfər ziyarətçi gəlib. Onlardan 342 305 nəfəri muzeyləri, 121 660 nəfəri isə qoruqları ziyarət edib. Rəqəmsal platformalar vasitəsilə 138 718 bilet və ekskursiya xidməti satılıb.
Qoruqlar arasında ən çox ziyarət edilən məkan 63 906 ziyarətçi ilə Qobustan Milli Tarix-Bədii Qoruğu olub.

Azərbaycan və Gürcüstan mədəni əməkdaşlığın yeni istiqamətlərini müzakirə edib

İyulun 9-da Bakıda Azərbaycan Respublikası və Gürcüstanın Mədəniyyət nazirlikləri arasında Birgə İşçi Qrupunun 3-cü iclası keçirilib.
İclasda Gürcüstanın mədəniyyət nazirinin birinci müavini Giorgi Mirtsxulavanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Azərbaycan nümayəndə heyətinə mədəniyyət nazirinin müavini Fərid Cəfərov rəhbərlik edib.
Tədbirdə Azərbaycan və Gürcüstan arasında mədəni-humanitar əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri geniş müzakirə olunub. Bildirilib ki, iki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri mədəniyyət sahəsində əməkdaşlığın ardıcıl genişlənməsi üçün etibarlı zəmin yaradır.
Fərid Cəfərov çıxışında qeyd edib ki, Azərbaycan və Gürcüstanı ortaq tarix, zəngin mədəni irs və mehriban qonşuluq ənənələri birləşdirir. O vurğulayıb ki, son illərdə mədəniyyət sahəsində əməkdaşlıq yeni məzmun qazanaraq kitabxana işi, muzey fəaliyyəti, teatr, mədəni irsin qorunması, təsviri incəsənət, yaradıcı sənayelər, kino və rəqəmsal transformasiya kimi istiqamətləri də əhatə edən sistemli tərəfdaşlığa çevrilib.
Gürcüstanın mədəniyyət nazirinin birinci müavini Giorgi Mirtsxulava səmimi qəbula görə təşəkkürünü bildirib, Azərbaycanla mədəni-humanitar əlaqələrin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını qeyd edib.
İclas çərçivəsində teatrlar arasında qastrol və birgə səhnə layihələri, muzeylər və kitabxanalar arasında əməkdaşlıq, mədəni irsin qorunması, sərgilərin təşkili, yaradıcı sənayelər, kino sahəsində birgə təşəbbüslər, həmçinin mütəxəssislərin qarşılıqlı təcrübə mübadiləsi ilə bağlı məsələlər müzakirə olunub.
Görüşün yekununda tərəflər Birgə İşçi Qrupunun fəaliyyətinin iki ölkə arasında mədəni əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından mühüm platforma olduğunu vurğulayaraq, qarşılıqlı maraq doğuran layihələrin həyata keçirilməsi və əlaqələrin gələcəkdə daha da genişləndirilməsi barədə razılıqlarını ifadə ediblər. İclasın sonunda Azərbaycan Respublikası və Gürcüstanın Mədəniyyət nazirlikləri arasında Birgə İşçi Qrupunun 3-cü iclasının Protokolu imzalanıb. Protokolda mədəniyyət sahəsində əməkdaşlığın inkişafına dair razılaşdırılmış istiqamətlər öz əksini tapıb.
 

Mədəni irs sahəsində vətəndaş müraciətlərinin qəbulu rəqəmsal vasitələrdən istifadə etməklə həyata keçiriləcək

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin “e-Culture” rəqəmsal inkişaf strategiyası çərçivəsində mədəni irs sahəsində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir.
Bununla bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən vətəndaş müraciətlərinin daha operativ, şəffaf və “bir pəncərə” prinsipi əsasında qəbulunu təmin edən yeni modelin tətbiqinə başlanılır. Vətəndaşlar fiziki xidmət ünvanlarına yaxınlaşmadan “MyCulture” portalında şəxsi kabinet yaradaraq elektron xidmətlərdən istifadə edə, müraciətlərini onlayn qaydada təqdim edə, onların icra vəziyyətini real vaxt rejimində izləyə bilərlər. Elektron xidmətlərin tətbiqi proseslərin rəqəmsal mühitə inteqrasiyasını təmin etməklə operativliyin artırılmasına, vaxt itkisinin minimuma endirilməsinə, müraciətlərin şəffaf və izlənilə bilən mexanizmlər əsasında idarə olunmasına, nəticə etibarilə vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edir.
Bundan əlavə, vətəndaş müraciətlərinin qəbulu Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 84 ünvanında (Hökumət evi, 4-cü qapı, 1-ci mərtəbə) fəaliyyət göstərən Vətəndaş Qəbulu Mərkəzində həyata keçirilir. Belə ki, Mərkəzin fəaliyyəti vətəndaşların elektron xidmətlərə çıxış imkanlarının genişləndirilməsinə, müraciətlərin rəqəmsal mühitdə qəbulunun təşviqinə (https://my.culture.az), xidmətlərin operativ və şəffaf şəkildə göstərilməsinə, vətəndaş-məmur təmasının minimuma endirilməsinə, habelə vətəndaş məmnunluğunun artırılmasına yönəlib. Vətəndaş Qəbulu Mərkəzinə müraciət edən şəxslərə elektron sistemdən istifadə ilə bağlı “İrs Dostu” könüllüləri tərəfindən texniki və informasiya dəstəyi göstərilir, ərizə və digər sənədlərin hazırlanmasına kömək edilir.
Bu tədbirlər “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasına uyğun olaraq, vətəndaşların mədəni xidmətlərə əlçatanlığının artırılması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində reallaşdırılıb.
Qeyd edək ki, “MyCulture” (https://my.culture.az) portalı üzərindən Dövlət Xidməti aşağıdakı elektron xidmətləri təqdim edir:
– Daşınmaz tarix və mədəniyyət abidələri və ya onların ayrı-ayrı hissələrinin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlərin görülməsi üçün müvafiq layihələrə razılığın verilməsi;
– Dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinə aid yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və ya qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə razılığın verilməsi;
– İnşaat və digər təsərrüfat işləri görülərkən daşınmaz tarix və mədəniyyət abidələri aşkar edildiyi halda, onların yerləşdiyi ərazidə inşaat və digər təsərrüfat işlərinin aparılmasına icazənin verilməsi;
– Qoruqlarda və abidələrin mühafizə zonalarında tikinti və abadlıq işlərinin aparılmasına razılığın verilməsi;
– Daşınmaz tarix və mədəniyyət abidələrinin alqı-satqısına razılıq verilməsi;
– Xüsusi mülkiyyətdə olan daşınmaz tarix və mədəniyyət abidələrinin və onalara aid yaşayış və qeyri-yaşayış sahələrinin icarəyə verilməsinə razılığın verilməsi.
Dövlət Xidməti vətəndaşlarımızı müraciətlərini rəqəmsal sistem vasitəsilə göndərməyə dəvət edir.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzdində fəaliyyət göstərən Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” və “Çıraqqala–Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun birgə təşkilatçılığı ilə “Korrupsiya və onun cəmiyyətə təsiri” mövzusunda vebinar keçirilib.

Kompleksin direktor müavini Mehriban Əliyevanın moderatorluğu ilə keçirilən tədbirdə hüquqşünas Ələkbər Quliyev çıxış edərək korrupsiyanın hüquqi və ictimai təsirləri, dövlət idarəçiliyində yaratdığı problemlər və onunla mübarizə mexanizmləri barədə məlumat verib.
Daha sonra “Çıraqqala–Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşı Vüsalə Bəbirova çıxış edərək korrupsiyanın ictimai idarəetməyə və şəffaflıq prinsiplərinə mənfi təsirlərindən bəhs edib, bu halların qarşısının alınmasında ictimai nəzarətin və maarifləndirmənin vacibliyini vurğulayıb.

Vebinar çərçivəsində iştirakçılar mövzu ətrafında fikir mübadiləsi aparıb, suallar ünvanlayıblar və praktiki yanaşmalar müzakirə olunub.

Vebinarda Dövlət Xidmətinin ümumilikdə 30-a yaxın əməkdaşı iştirak edib.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən “Çıraqqala–Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğu ilə Quba Soyqırımı Memorial Kompleksinin birgə təşəbbüsü çərçivəsində 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Heydər Əliyevin Azərbaycana bəxş etdiyi siyasi sabitlik” mövzusunda onlayn konfrans keçirilib.

Tədbirdə Dövlət Xidmətinin tabeliyində olan müxtəlif qoruqların əməkdaşları iştirak edərək mövzu ətrafında çıxışlar ediblər. Çıxışlar zamanı Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, ölkədə ictimai-siyasi sabitliyin təmin edilməsində və müstəqilliyin qorunub saxlanılmasında oynadığı mühüm rol diqqətə çatdırılıb.

Qeyd edilib ki, 15 İyun – Milli Qurtuluş Günü Azərbaycan tarixi üçün mühüm dönüş mərhələsi kimi qiymətləndirilir və bu tarix ölkənin sabit inkişaf yoluna çıxmasında əsas siyasi əsaslardan biri hesab olunur. Ulu Öndərin həyata keçirdiyi strateji siyasətin dövlətin uzunmüddətli inkişafı üçün möhkəm baza yaratdığı vurğulanıb. Sonda iştirakçıların sualları cavablandırılıb və mövzu üzrə geniş fikir mübadiləsi aparılıb.

Türkmənistan Dövlət Təsviri Sənət Muzeyində “Azərbaycan milli irsinin inciləri” adlı sərginin açılışı keçirilib.

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri zəngin proqramla davam edir. İyunun 5-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxt Aşqabad şəhərində yerləşən Böyük Saparmurat Türkmənbaşı adına Türkmənistan Dövlət Təsviri Sənət Muzeyində “Azərbaycan milli irsinin inciləri” adlı sərginin açılışı keçirilib.
Tədbirdə Türkmənistan mədəniyyət nazirinin müavini Nursəhet Şirimov, Azərbaycan mədəniyyət naziri Adil Kərimli və Türkmənistan Dövlət Təsviri Sənət Muzeyinin direktoru İsmail Orazov çıxış ediblər.
Qonaqların sərgi ilə tanışlığı zamanı məlumat verilib ki, təqdimat Azərbaycan Milli İncəsənət Muzeyinin “Əzim Əzimzadənin əsərlərində yaşayan milli irsimiz” sərgisi, Azərbaycan Milli Xalça Muzeyinin fondundan ənənəvi və müəllif xalçalarının nümayişi, eləcə də ənənəvi sənətkarlıq sərgisi və “Müasir modada milli naxışlar” adlı moda tanıtımını əhatə edir.
Ekspozisiyada Xalq rəssamı, Azərbaycan peşəkar qrafika sənətinin banilərindən olan Əzim Əzimzadənin (1880-1943) əsərləri ilə yanaşı, həmin əsərlərdə təsvir edilən mühit muzey eksponatları vasitəsilə tamaşaçılara çatdırılır.
Sərgidə XIX əsrdən bu günədək dövrü əhatə edən xovlu, xovsuz xalçalar və xalça məmulatları, bədii metal, tikmə nümunələri təqdim olunur. Sərgini Xalq rəssamı Eldar Mikayılzadənin əl işləri daha da dolğunlaşdırır.
Sərgi məkanında qurama sənəti ilə bağlı nümunələr də yer alıb. Mərhum Xalidə Nəsirova tərəfindən yaradılan quramalar türk dünyagörüşünün parlaq ifadəsidir.
Şəbəkə sənəti, əlvan şüşələrdən hazırlanan işıqlı kompozisiyalar Şəkidən olan sənətkar Hüseyn Hacımustafazadə tərəfindən “ustad dərsi” formatında əyani şəkildə göstərilir. Zərgərliklə bağlı ənənələr isə sənətkar Füzuli Əlizadə tərəfindən təqdim olunur.
Burada həmçinin tanınmış modelyer Gülnarə Xəlilova və gənc modelyer Anara Zakirlinin “Müasir modada milli naxışlar” adlı geyim kolleksiyası nümayiş etdirilir.
Ümumi konteksti Azərbaycan mədəni irsinin kompleks şəkildə təqdimatına xidmət edən sərgi ziyarətçilər tərəfindən maraqla qarşılanır.

“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirici seminar keçirilmişdir.

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə “18 may-18 iyun – Azərbaycanda İnsan Hüquqları Aylığı” çərivəsində maarifləndirici seminar keçirilib. Seminarda iştirak edən Quba rayon Sərvər və Şəmsəddin Şəmiyev qardaşları adına İsnovqışlaq kənd tam orta məktəbinin müəllim və şagirdlərini məlumatlandıran Kompleksin bələdçisi Orxan Hüseynov, müstəqilliyimiz bərpa etdikdən sonra respublikamızda digər sahələrdə olduğu kimi, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində də ardıcıl islahatların aparıldığını qeyd edib. Bildirilib ki, “İnsan Hüquqları Aylığı” çərçivəsində təşkil olunan tədbirlər ölkəmizdə insan hüquqlarının təbliğində, eləcə də əhalinin müxtəlif yaş qruplarının hüquqlarının müdafiəsində və onların problemlərinin həllində önəmli rol oynayır.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Tarix-mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı görüş keçirilib

Mədəniyyət  Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət  Xidmətinin idarəetməsində olan tarix-mədəniyyət qoruqlarının fəaliyyəti, göstərilən mədəni xidmətlərin keyfiyyətinin artırılması və “irs Dostu” könüllü proqramı çərçivəsində könüllülərin cəlb edilməsinə dair görüş keçirilib.
Görüşdə Dövlət Xidmətinin rəis müavini Ayaz Müseyibov tarix-mədəniyyət qoruqlarının idarə olunmasının təkmilləşdirilməsi, mədəni irsin qorunması və bu sahədə ictimai iştirakçılığın artırılmasının əhəmiyyətini vurğulayıb. Eyni zamanda, tarix-mədəniyyət qoruqlarının inkişafı üçün investisiyaların cəlb edilməsi məqsədilə xüsusi proqramın hazırlandığını qeyd edib.
Görüşdə qoruqların inkişafı ilə bağlı görüləcək işlər və könüllü proqramının icrasının təmin edilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi general-mayor Baba Salayevin rəhbərliyi ilə Akademiyanın bir qrup professor-müəllim heyəti və kursantları Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ni ziyarət etmişlər.

Ziyarətçilərə məlumat verilərək bildirilib ki, XX əsrin əvvələrində bolşevik-erməni dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri etnik təmizləmə və təcavüzkar siyasət nəticəsində bir çox bölgələrdə on minlərlə günahsız azərbaycanlı qətlə yetirilib. 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə dağıdılıb. Quba soyqırımı məzarlığı 2007-ci ilin aprel ayında ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Burada müxtəlif yaş qruplarına aid yüzlərlə insan cəsədlərinin qalıqları qeydə alınıb. Məzarlıqda azərbaycanlılarla bərabər Qubada yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli Sərəncamı ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılmasına başlanılıb. Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan kompleksin 2013-cü ilin sentyabrın 18-də açılışı həyata keçirilmişdir.