Erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı 1918- ci ildə bütün ölkə hüdudlarında həyata keçirdikləri cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə kütləvi məzarlığın aşkar olunduğu ərazidə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən, Heydər Əliyev Fondunun dəstəyi ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi” inşa edilmiş, 2013-cü il sentyabr ayının 18-də cənab Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti xanım Mehriban Əliyevanın iştirakı ilə Kompleksin açılışı həyata keçirilmişdir.
Hazırda Soyqırımı memorial Kompleksi erməni vandalizmini özündə əks etdirən yeganə ideoloji məkandır.
Xüsusi memarlıq üslubu ilə inşa edilmiş və müasir standartlara cavab verən Kompleksi istifadəyə verildiyi gündən bu günədək 1 milyondan artıq insan ziyarət etmiş, onlardan 200 mindən çoxu xarici ziyarətçilər olmuşdur. Ziyarətçilərə 4 dildə peşəkar bələdçilik xidməti göstərilir.
Soyqırımı Memorial Kompleksi tarixi məkan olması ilə yanaşı həm də elmi mərkəzdir. Belə ki, mütəmadi olaraq burada soyqırımı hadisələrini geniş auditoriyada təbliğ olunması və tanıdılması məqsədilə müxtəlif tədbirlər, beynəlxalq konfranslar, simpoziumlar və digər tədbirlər təşkil olunur.
Kompleksin əsas missiyası erməni vandalizmini olduğu kimi bəyan etmək, Azərbaycan həqiqətlərini həm yerli, həm də, beynəlxalq səviyyədə təbliğ etmək və dünyanın heç bir yerində bir daha belə halın baş verməməsi üçün insanları maarifləndirməkdir.






