• qsmk@soyqirim.az
  • (023)336-37-07
“Hökumət evi”

Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzində, Azadlıq meydanının sahilində ucalan Hökumət Evi həm monumental görkəmi, həm də tarixi əhəmiyyəti ilə seçilir. Bu əzəmətli bina ölkənin dövlət idarəçiliyinin əsas mərkəzlərindən biri olmaqla yanaşı, Azərbaycanın memarlıq irsinin ən nadir nümunələrindən biri hesab edilir.
Möhtəşəm memarlıq ansamblında xüsusi yer tutan Hökumət evinin zəngin və maraqlı tarixi vardır. 1924-cü ildə Bakıda hökumət üzvləri üçün yeni bina tikilməsi ideyası ortaya çıxmış və bu proses 1930-cu illərin əvvəllərinədək davam etmişdir. 1932-ci ildə layihə üçün müsabiqə elan olunmuş, 1934-cü ildə isə qaliblər müəyyən edilmişdir. Müsabiqədə Mikayıl Hüseynov və Sadıq Dadaşovun layihəsi yüksək səviyyəli olsa da, təsdiq edilməmişdir. Münsiflər heyəti birinci yeri Moskvalı memar Lev Rudnevə vermişdir. Binanın şəhər mərkəzində, indiki Azadlıq meydanında tikilməsi qərara alınmış və 13 mərtəbə nəzərdə tutulmuşdur. Lakin layihədə milli memarlıq ünsürlərinin azlığı səbəbindən dəyişikliklər edilmişdir. Dənizə baxan tinlərdəki tağlar məhz bu dəyişikliklərin nəticəsi olaraq əlavə olunmuşdur. Tikinti 1934-cü ildə başlasa da, İkinci Dünya müharibəsi səbəbindən yarımçıq qalmış və yalnız 1952-ci ildə tamamlanmışdır. Bu gün Hökumət evi Şirvanşahlar sarayının memarlıq elementlərini özündə əks etdirən, ölkə əhəmiyyətli tarixi abidə kimi qorunur.
Hökumət Evi təkcə bir inzibati bina deyil, həm də Azərbaycanın dövlətçilik tarixinin canlı şahidi, memarlıq sənətinin incisi və milli qürurun rəmzidir. Hökumət Evi Azərbaycan tarixində mühüm hadisələrin şahidi olmuşdur. Belə ki, 1990-cı il 20 Yanvar hadisələri zamanı Azadlıq meydanında baş tutan matəm mitinqi də məhz Hökumət Evinin qarşısında keçirilmişdir. Bu hadisə həm xalqın azadlıq iradəsinin, həm də binanın milli yaddaşdakı simvolik əhəmiyyətinin göstəricisidir.
Binanın əzəməti və tarixi, Azərbaycan xalqının keçmişi ilə bu günü arasında körpü yaradır, gələcək nəsillərə isə ölkəmizin dövlətçilik ənənələrinin qorunub saxlanıldığını xatırladır.

Paylaş

Spread the love