Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin əməkdaşlığı çərçivəsində özbəkistanlı müəllimlər üçün növbəti təlim keçirilib. Özbəkistan Respublikasının Məktəbəqədər və Məktəb Təhsil Nazirliyinin tabeliyindəki Pedaqoji Bacarıqlar Mərkəzlərinin rəhbər və əməkdaşları Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə “1918-ci il Quba soyqırımı faktlarının tədrisdə tətbiqi və muzey–qoruqların gənc nəslin maarifləndirilməsində rolu” adlı təlimdə iştirak ediblər.Tədbir iştirakçıları əvvəlcə Soyqırımı Memorial Kompleksinin muzeyi ilə tanış olublar. Ekskursiya zamanı qonaqlar Kompleksin əməkdaşları tərəfindən 1918-ci il Quba soyqırımı hadisələri haqqında məlumatlandırılıb, həmin dövrdə azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların tarixi faktlarla və arxiv materialları ilə əks olunduğu ekspozisiyalar geniş şəkildə təqdim edilib.Giriş sözü ilə çıxış edən kompleksin direktor müavini Mehriban Əliyeva qonaqları salamlayaraq Özbəkistan və Azərbaycan arasındakı dostluq münasibətlərinin tarixinə nəzər salıb. O bildirib ki, son illər ərzində Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistanla əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan–Özbəkistan münasibətləri bu gün iki ölkə liderlərinin uzaqgörən siyasəti, qarşılıqlı səfərləri və mütəmadi əlaqələri nəticəsində sürətlə inkişaf edir.Daha sonra çıxış edən Əndican vilayəti Pedaqoji Məharət Mərkəzinin direktor müavini Qurbonov Utkirbek və Daşkənd vilayəti Pedaqoji Məharət Mərkəzinin “Dillərin tədrisi metodikası” kafedrasının müdiri Duşayeva Nazokat təşkil olunan təlim proqramına görə təşəkkür edib, təhsil sahəsindəki yeniliklər və əməkdaşlıq imkanlarından danışıblar. Natiqlər qeyd ediblər ki, Azərbaycan–Özbəkistan münasibətləri qədim tarixə malikdir və iki xalqı yaxın milli adət-ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir.Təlim çərçivəsində iştirakçılar həmçinin 1918-ci il soyqırımı hadisələrinin yaddaşlarda yaşadılması, bu tarixi faktların gələcək nəsillərə düzgün çatdırılması, muzey-ekspozisiya materiallarının tədris prosesində istifadəsi barədə müzakirələr aparıblar və mövzu ilə bağlı hazırlanan sənədli filmə baxıblar.Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.