Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının təşəbbüsü və Quba şəhərindəki “Soyqırımı Memorial Kompleksi”nin təşkilatçılığı ilə Özbəkistan Respublikasının Məktəbəqədər və Məktəb Təhsil Nazirliyinin tabeliyində olan pedaqoji bacarıqlar mərkəzlərinin rəhbər və əməkdaşları Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə “Muzey və Qoruqların Gənc Nəsilin Maarifləndirilməsində Rolu” adlı növbəti təlimdə iştirak ediblər. Tədbir iştirakçıları Soyqırımı Memorial Kompleksinin muzeyi ilə tanış olduqdan sonra giriş sözü ilə çıxış edən Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin direktor müavini Mehriban Əliyeva qonaqları salamlayaraq Özbəkistan və Azərbaycan arasındakı dostluq münasibətlərinin tarixinə nəzər salıb. Bildirib ki, Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur. Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycan arasında əlaqələr xüsusilə son illərdə durmadan genişlənir. Daha sonra çıxış edən Toşlok Rayon Məktəbəqədər və Məktəb Təhsili Şöbəsinin müdiri Soliyev Abdumajid təşkil olunan təlim proqramına görə təşəkkür edib, iki ölkənin təhsil sahəsindəki yenilikləri barədə danışaraq əməkdaşlığın uğurla inkişaf etdiyini bildirib. Öz çıxışında ADPU-nun Quba filialının humanitar elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Hacıyev Azərbaycanla Özbəkistan arasında qarşılıqlı fəaliyyət formatlarının — iqtisadiyyat, nəqliyyat və humanitar sahələrdə birgə layihələrin sayının durmadan artdığını vurğulamışdır. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.