• qsmk@soyqirim.az
  • (023)336-37-07
“1918-ci il azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisələri” adlı növbəti vebinar keçirilib / 12 March, 2026

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində olan Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin təşkilatçılığı ilə “1918-ci il azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisələri” adlı növbəti vebinar keçirilib. Kompleksin direktor müavini Mehriban Əliyevanın moderatorluğu ilə keçirilən tədbirdə çıxış edən kompleksin əməkdaşı Orxan Hüseynov kompleksin yaradılması və fəaliyyəti barədə məlumat verərək vebinar iştirakçılarını kompleksin muzeyi ilə də tanış edib. O bildirib ki, ötən əsrin əvvəllərində erməni-daşnak quldur dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi etnik təmizləmə və təcavüz siyasəti nəticəsində Bakı, Quba, Qarabağ, Şamaxı, Kürdəmir, Salyan, Lənkəran və digər bölgələrdə on minlərlə günahsız azərbaycanlı qətlə yetirilmiş, xalqımıza qarşı XX yüzilliyin ən faciəli soyqırımlarından biri törədilmişdir. Təkcə Quba qəzasında 1918-ci ilin aprel-may ayları ərzində 167 kənd tamamilə dağıdılmışdır. Quba şəhərində yerləşən kütləvi məzarlıqda soyqırımı nəticəsində hədsiz amansızlıq və xüsusi qəddarlıqla öldürülən azərbaycanlılarla yanaşı, ləzgilərin, yəhudilərin, tatların və digər milli azlıqlara mənsub minlərlə insanın da zorakılığa məruz qaldığı aşkar edilmişdir. Sonda iştirakçıları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb. Qeyd edək ki, vebinarda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən qoruqlardan 20-dən çox əməkdaş iştirak edib.

Paylaş

Spread the love