fbpx
  • office@soyqirim.az
  • (023)335-37-07
Fövqəladə Təhqiqat Komissiyasının sədri Ələkbər bəy Xasməmmədov

Ələkbər bəy Hacıbaba oğlu Xasməmmədov “Difai” partiyası Mərkəzi Komitəsinin, Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin təftiş komissiyasının və eyni zamanda Gəncə Müsəlman Milli Komitəsinin üzvü olmuşdur. O, 1918 il iyulun 15-də Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının sədri təyin edilmişdir. Ələkbər bəy Xasməmmədovun rəhbərliyi ilə 15 iyul 1918–01 noyabr 1919-cu il il tarixləri ərzində FTK tərəfindən 36 cilddən-3500 vərəqdən ibarət istintaq materialları toplanmışdır. İstintaq materiallarının 6 cildi ermənilər tərəfindən Bakı şəhəri və onun ətrafında müsəlman əhalisinə qarşı törədilmiş soyqırımı hadisələrini, 3 cildlik 451 vərəqdən ibarət sənədlər toplusu isə Quba şəhəri və Quba qəzasının kəndlərində törədilmiş zorakılıq hallarını əks etdirirdi. İstintaq materialının digər cildlərində Şamaxı, Göyçay, Cavad, Nuxa qəzalarında, Gəncədə, Qarabağda, Zəngəzurda ermənilər tərəfindən törədilmiş amansız cinayətlər araşdırılmışdır.
1919-cu il yanvarın 6-da Fövqəladə Təhqiqat Komissiyasının sədri Ələkbər bəy Xasməmmədov Paris sülh konfransına gedən nümayəndə heyətinə ermənilər tərəfindən müsəlmanlara qarşı törədilmiş vəhşilikləri əyani şəkildə sübut edən məlumatları məktubla birlikdə xarici işlər nazirinə göndərmişdi.
1920-ci il yanvar ayının 11-də Azərbaycan Xalq Cümhuriyyətinin Antanta Ali Şurası tərəfindən de-fakto tanınması ilə əlaqədar olaraq Cümhuriyyət Parlamentinin fevralın 9-da qəbul etdiyi amnistiya haqqında qərara əsasən millətlərarası düşmənçilik zəminində törədilmiş cinayətlərə xitam verildiyi və istintaqın dayandırıldığı elan olunmuşdur.
Ümumiyyətlə, Ələkbər bəy Xasməmmədovun sədrliyi ilə Fövqəladə Təhqiqat Komissiyasının 1920-ci ilin aprelinə qədər topladığı materiallar, eləcə də şahid ifadələri daşnakların və bolşeviklərin cinayətlərini ifşa edən sanballı tarixi sənədlərdir. Məhz bu sənədlərə istinad edən AXC hökuməti tərəfindən 1919-cu və 1920-ci illərdə 31 mart tarixi ümummilli matəm günü kimi qeyd edilmişdir.