fbpx
  • office@soyqirim.az
  • (023)335-37-07
Cavad qəzası

 

Aprel ayının əvvəllərindən başlayaraq erməni vandalları bolşevik bayrağı altında Cavad qəzasının müsəlman kəndlərini sovet hakimiyyəti qurmaq bəhanəsi ilə dağıdır və yandırır, dinc əhalini qırır, əmlakını isə qarət etmişlər. Erməni silahlı dəstələri Hacıqabul stansiyasından başlayaraq Kür boyu hərəkət etmiş və qəzanın azərbaycanlılar yaşayan kəndləri olan Ərəb-Şahverdi (Zubovka) və Hilə-Mirzəlikəndə hücumlar etmişlər.
Gözlənilmədən kəndləri mühasirəyə alan erməni daşnakları top və pulemyotlardan atəş açaraq çoxlu sayda insan qətlə yetirilmiş, 44 yaşayış evi , kənd məscidi, müqəddəs kitablar yandırılmış, kəndlilərin bütün mal-qarasını və daşınan əmlakını qarət etmişlər.
Bu kəndlərdən başqa Cavad qəzasının Bəydili, Yaxşıkənd, Xocalı, Seyidlər, Xarmandalı, Ərəb-Qardaşbəyli, Pirabba, Qara-İmamlı, Uzun-Babalı, Aşağı Sorra və digər kəndləri ayrı-ayrı vaxtlarda ermənilər tərəfindən dağıdılıb, yandırılmış, əhalisi isə görünməmiş vəhşiliklərə və təcavüzə məruz qalmışdır. Fövqəladə Təhqiqat Komissiyasının Cavad qəzasına dair sənədləri arasında Xocalı kəndinin 18 yaşlı sakini Sürəyya Dadaş qızının verdiyi ifadə erməni qəddarlığına bariz nümunə sayıla bilər.
Komissiyasının müstəntiqləri qolu kəsilmiş, ayaqdan şikəst, xəstə və zəif, bütün yaxınlarını itirmiş və başqa bir kənddə, yad insanların yanında sığınacaq tapmış Sürəyya Dadaş qızının zərərçəkən kimi ifadəsi və tibbi müayinə sənədləri ilə yanaşı, şəklini də erməni vəhşiliklərinin şəhadəti kimi istintaq materiallarına daxil etmişlər.
Bolşevik, molokan və erməni qüvvələri tərəfindən bir müddət mühasirədə qalan Cavad qəzasının bir sıra yaşayış məntəqələri 1918-ci ilin payızında Azərbaycan Ordusunun xüsusi hərbi əməliyyatları nəticəsində düşməndən təmizlənmişdir.
1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının 36 cildlik istintaq materialları sırasında Göyçay və Cavad qəzalarında da təhqiqatlar aparıldığı göstərilsə də, bu qəzalara dair sənədlər respublikada qalmamış və uzun müddət itirilmiş hesab edilmişdir. Yalnız uzun axtarışlardan sonra FTK-nın çəkdiyi fotosənədlər Parisdə, Əli Mərdan bəy Topçubaşovun arxivindən aşkar edilmişdir.
Beləliklə, Göyçay və Cavad qəzalarının yalnız Parisə göndərilən sənədləri – əsasən soyqırıma məruz qalmış insanların şahid ifadələri və bu qəzalarda təhqiqat aparmış müstəntiqlərinin məruzələri əsasında daha iki Azərbaycan qəzasında 1918-ci il soyqırımları haqqında məlumat əldə etmək mümkün olmuşdur.