31 mart 2018-ci il tarixdə Azərbaycanlıların soyqırımı gününün 100-cu ildönümü ilə əlaqədar Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”ndə “Soyqırımın dərsləri” mövzusunda keçirilmiş respublika elmi konfransında AMEA Tarix İnstitutu tərəfindən kitab sərgisi təşkil edilmiş və həmin sərgidə Tarix İnstitutunun dissertantı Rəxşəndə Bayramovanın müəllifi olduğu “Azərbaycanın Quba bölgəsi tarixin dönüş mərhələsində” adlı kitabın təqdimatı keçirilmişdir. Təqdim olunan kitab Azərbaycanın Quba bölgəsinin tarixinin mühüm mərhələsini təşkil edən 1917-1920-ci illər dövrünə həsr edilmişdir.
Əsərdə həmçinin Cümhuriyyət dönəmində Quba qəzasının siyasi, iqtisadi, mədəni vəziyyəti, qəzanın Sovet qoşunları tərəfindən işğalı, bölgədə bolşevik rejiminə qarşı çıxışlar və digər məsələlər öz əksini tapmışdır.