20 Yanvar faciəsinin ildönümü münasibətilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin və Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə “20 Yanvar – qəhrəmanlıq salnaməsidir” adlı anım tədbiri – Ustad dərsi təşkil olunub. / 17 Yanvar, 2026
Tədbir Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Ardınca Azərbaycan Dövlət Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirin moderatoru Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru Təhminə Əliyeva çıxış edərək 20 Yanvar faciəsinin tarixi mahiyyətindən bəhs edib. O bildirib ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının azadlıq iradəsinin zor gücü ilə susdurulmasına yönəlsə də, əksinə, milli mübarizənin daha da güclənməsinə səbəb olub və bu faciə xalqımızın yaddaşında müstəqillik uğrunda şəhidlik zirvəsi kimi əbədi yer tutub.
Soyqırımı Memorial Kompleksinin direktoru, Dr Rəxşəndə Bayramova 20 Yanvar faciəsinin tarixi-siyasi mahiyyətindən, bu faciənin xalqımızın azadlıq mübarizəsində oynadığı mühüm roldan danışıb. O, Memorial Kompleksin əsas missiyasının milli yaddaşın qorunması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması olduğunu vurğulayıb.
Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatı sədrinin müavini Elxan Məhərrəmov çıxış edərək 20 Yanvar faciəsinin Azərbaycan xalqının milli mübarizə tarixində tutduğu mühüm yerdən danışıb, şəhidlərin xatirəsinin daim ehtiramla yad edilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, 20 Yanvar şəhidlərinin qanı ilə yazılan bu tarix Azərbaycanın dövlət müstəqilliyinin bünövrəsini təşkil edir və bu gün əldə olunan uğurlar məhz həmin fədakarlıqların nəticəsidir.
Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Humanitar elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, 20 Yanvar faciəsinin iştirakçısı Sabir Hacıyev çıxış edərək 20 Yanvar hadisələrinin sovet imperiyasının Azərbaycan xalqının azadlıq iradəsini qırmaq məqsədi daşıyan qanlı siyasətinin tərkib hissəsi olduğunu bildirib. O, çıxışı zamanı 20 Yanvar faciəsi ilə bağlı arxiv materialları və faktlara əsaslanan vizual təqdimat nümayiş etdirərək hadisələrin gedişini və tarixi nəticələrini əyani şəkildə diqqətə çatdırıb. Sabir Hacıyev vurğulayıb ki, bu faciə öz mahiyyətinə görə yalnız bir repressiya aktı deyil, eyni zamanda xalqımızın milli şüurunun oyanmasına, azadlıq ideyalarının daha da güclənməsinə təkan verən tarixi dönüş nöqtəsidir. O qeyd edib ki, 20 Yanvar şəhidlərinin göstərdiyi qəhrəmanlıq Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzminin rəmzi olaraq tarixə həkk olunub və bu hadisə bu gün də gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında mühüm rol oynayır. Natiq həmçinin 20 Yanvar faciəsinin siyasi və hüquqi aspektləri, eləcə də bu hadisənin beynəlxalq müstəvidə qiymətləndirilməsi barədə fikirlərini anım tədbiri iştirakçıları ilə bölüşüb.
Tədbir mövzu ətrafında aparılan müzakirələrlə yekunlaşıb.
Paylaş