2026-ci il “Şəhərsalma və Memarlıq İli” çərçivəsində və 18 Aprel-Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ərəfəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nəzdində fəaliyyət göstərən Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin, Quba Rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz Regional bölməsinin, Quba ASAN Xidmət Mərkəzinin birgə təşkilatçılığı ilə “Mirasını qoru, tarixini yaşat!” adlı tədbir keçirilib. Giriş nitqi ilə çıxış edən kompleksin direktoru Dr. Rəxşəndə Bayramova tədbir iştirakçılarını salamlayaraq kompleksin fəaliyyəti, həyata keçirilən layihələr haqda ətraflı məlumat verərək bildirmişdir ki, 18 aprel tarixi dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Daha sonra çıxış edən natiqlər Quba Rayon İcra Hakimiyyəti aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Anar Məmmədov, sektorun baş məsləhətçisi Aynur Yəhyayeva, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz Regional bölməsinin müdiri Elnur Ağasiyev, Quba ASAN Xidmət Mərkəzinin əməkdaşı Vəfa Rüstəmova vurğulamışdırlar ki, 18 Aprel-Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü Azərbaycanda da geniş şəkildə qeyd olunur. Hər il bu tarixdə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədilə müxtəlif tədbirlər, sərgilər təşkil edilir. Qeyd olunub ki, belə tədbirlər gənc nəslin milli dəyərlərə bağlılığının gücləndirilməsində mühüm rol oynayır. Daha sonra Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin əməkdaşları – Orxan Hüseynov, Ülkər Zeynalova, Nurcan Allahverdiyeva və Səriyyə Abidovanın təqdimatında dünya və yerli tarixi abidələr haqqında ətraflı məlumatlar verilib.