Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının üzvü Novatskinin Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq şahid qismində dindirdiyi, 49 yaşlı, Quba şəhər başçısı Əli Abbas bəy Əlibəyovun istintaq ifadələrindən:
Yalnız ermənilərdən ibarət olan dəstənin başında məşhur erməni daşnaksakan Hamazasp, öz köməkçisi Nikolayla birlikdə, dururdu. Dəstədə, həmçinin, bələdçi və işbilən adam sifətilə, “Dəyirmançı” ləqəbli Quba ermənisi Arutyun Ayrapetov da var idi. Dəstə may ayının 1-də səhər üç yoldan şəhərə girdi. Dəstədə ən azı üç min adam, dörd top və səkkiz pulemyot var idi. Qətllər və qarətlər başlandı.
Elə birinci gündə şəhərin aşağı hissəsində 715 müsəlman, özü də əksəriyyəti qadınlar və uşaqlar, qətlə yetirildi. Böyük Şosse və Bazar küçələri darmadağın edildi. Dəstə şəhəri dörd hissəyə böldü və hər hissədə qərargah yaratdı. Ermənilərin azğınlıqları davam edirdi: onlar ikinci gün şəhərin 1-ci və 2-ci hissələrində, 1012 nəfər – əksəriyyəti şəhərin kasıb təbəqəsindən və iranlı təbəələrdən ibarət olan kişilər qətlə yetirildilər.
Zorakılıqlar, qətllər, qarətlər 9 gün davam etdi. Sonra mən qətlə yetirilənlərin dəfn edilməsi xahişi ilə yenidən Hamazaspın yanına yollandım. Arutyun Ayrapetov adlı birisi mənim yanımda ona məruzə etdi və mən erməni dilini bildiyim üçün məruzəni başa düşdüm. Ayrapetov deyirdi ki, şəhərdən Nikolay pulları ilə üç milyona yaxın pul, 6 milyona yaxın məbləğdə bütün qızıl və qadınların qızıl zinət əşyaları toplanmışdır.
Solmaz Rüstəmova – Tohidi
Quba Aprel – May 1918-ci il Müsəlman qırğınları sənədlərdə
Azərbaycan Respublikası Dövlət Arxivi, f. 1061, s. 1, i. 96, v. 34-39.
Sənəd N 57