• office@soyqirim.az
  • (023)335-37-07
Tarixdə bu gün 27 yanvar Holokost qurbanlarının Beynəlxalq Anım Günüdür.

Hər il yanvarın 27-i Holokost qurbanlarının Beynəlxalq Anım Günü (International Holocaust Remembrance Day) kimi qeyd edilir. Holokost İkinci Dünya Müharibəsi dövründə (1939-1945) milyonlarla avropalı yəhudinin təkcə milli mənsubiyyətinə görə soyqırımı hadisəsidir.
Yəhudilərə qarşı kütləvi soyqırımları Almaniyanın Nasist partiyasının lideri Adolf Hitler tərəfindən təşkil edilmişdi. Alman Nasional Sosialist Fəhlə Partiyası (ANSFP) 1938-ci ilin noyabrından etibarən bir çox qiyam təşkil etmişdi. Ən şiddətli qiyam 9-10 noyabrda həyata keçirilən “Kristal gecə” idi. Bu qiyamda yüzlərlə illik tarixi olan sinaqoqlar, yəhudilərin dükanları, evləri və digər mülkləri yandırılmiş, 400 yəhudi öldürülmüş, digərləri isə işgəncələrə məruz qalmışdı. Bundan sonrakı bir neçə gün içində 36.000 yəhudi xüsusi düşərgələrə köçürülmüşdü.
Nasistlər tərəfindən təkcə işğal olunmuş Polşa ərazisində yerləşən Auşvits həbs düşərgəsinin qaz kameralarında bir milyondan çox yəhudi qətlə yetirilmişdir. Ümumilikdə Avropada yaşayan hər 10 yəhudidən 7-si bu faciə zamanı qətlə yetirilmişdi. Soyqırımı hadisələri ümumbəşəri cinayətdir və insanlığa qarşı çevrilmişdir. Bu hadisələr barədə ölkəmizdə hər il müxtəlif anım tədbirləri keçirilir və Holokost qurbanları yad edilir.

Paylaş

Spread the love