31 mart azərbaycanlılara qarşı törədilmiş soyqırımların 108-ci ildönümü ilə bağlı Soyqırımı Memorial Kompleksində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Quba rayonu İcra Hakimiyyəti və Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin birgə təşkilatçılığı ilə anım tədbiri-kütləvi ziyarət keçirilib. / 31 March, 2026
Anım tədbirində Quba RİH-nin başçısı İlqar Mahmudov, Milli Məclisin deputatları Əlibala Məhərrəmzadə, Müşfiq Məmmədli, Azərbaycan Respublikasının Mədəniyyət nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mədəni İrsin Qorunması şöbəsinin müdiri cənab Səbuhi Bəşirov, Yeni Azərbaycan Partiyasının (YAP) bir neçə rayon təşkilatının rəhbər və əməkdaşları, hüquq mühafizə orqanlarının əməkdaşları, yerli icra hakimiyyəti orqanları, idarə-müəssisə və təşkilat rəhbərləri, media nümayəndələri, eləcə də minlərlə insan iştirak edib.
İlk olaraq tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin abidəsinin ziyarət edərək abidənin önünə gül dəstələri düzmüşlər. Ardınca Kompleksin ərazisində yerləşən xatirə abidəsini ziyarət etdikdən sonra Soyqırımı Muzeyində tarixi faktlarla, həmçinin təşkil olunmuş sərgi ilə tanış olublar.
Ziyarətdən sonra tədbir iştirakçıları Soyqırımı Memorial Kompleksinin yaxınlığındakı ərazidə soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş ağacəkmə kampaniyasında iştirak ediblər.
Gün sonunadək davam edəcək anım tədbirinə minlərlə insan qatılıb.
Qeyd edək ki, 2007-ci ildə Quba şəhərində tikinti məqsədilə aparılan qazıntılar zamanı təsadüfən aşkar edilmiş kütləvi məzarlıq 1918-ci ilin may ayında bolşevik adı altında quldur erməni dəstələri tərəfindən törədilmiş Qubanın müsəlman əhalisinin soyqırımının əyani sübutu olmusdur. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 30 dekabr 2009-cu il tarixli sərancamı ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi“nin yaradılmasına qərar vermişdir. Memorial Kompleks 2012-2013-cü illərdə Heydər Əliyev fondunun dəstəyi ilə Qudyalçayın sol sahilində, keçmiş stadion ərazisində inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılışı həyata keçirilmişdir.
Paylaş