"İsmayıllı şəhər Cümə məscidi"
İslam memarlığı nümunələrindən olan İsmayıllı məscidi şəhərin mərkəzində yerləşir. Yerli əhəmiyyətli memarlıq abidəsi hesab edilən məscid hicri-qəməri təqvimi ilə 1303-cü ildə (1882) inşa edilib.
İbadətgah dördbucaqlı formasındadır və çaylaq daşı ilə hörülüb. Binanın üç giriş qapısı var. Onlardan birinin üstündə daş kitabə mövcuddur. Məscidin döşəməsi daş plitə ilə işlənib. İbadət zalında 10 tağvari formalı pəncərə var. Tikilinin minbəri taxtadandır və səkkiz pillədən ibarətdir.
1918-ci ildə ermənilərin Azərbaycanda törətdiyi soyqırım nəticəsində məscid dağıdılmış və yandırılmışdır.
Məscidin binası 1937-1988-ci illərdə məktəb, hərbi kazarma, həbsxana və anbar kimi istifadə edilib. 1989-1990-cı illərdə məsciddə təmir-bərpa işləri aparılıb və fəaliyyəti bərpa olunub.
Paylaş